ADNSU-da şəhid Əlihüseyn Məmmədovun həyat və döyüş yolunu əks etdirən kitabın təqdimatı olub

ADNSU-da şəhid Əlihüseyn Məmmədovun həyat və döyüş yolunu əks etdirən kitabın təqdimatı olub Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunu şəhid Əlihüseyn Məmmədova həsr edilmiş “Dönməsəm xatirəm qalsın” adlı tədbir keçirilib.
Şəhid Əlihüseyn Məmmədovun həyat və döyüş yolunu əks etdirən “Mən Əliyəm” kitabının təqdim olunduğu tədbirdə ADNSU-nun rektoru professor Mustafa Babanlı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev, Milli Məclisin deputatı Hicran Hüseynova, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin rəisi Zümrüd Səmədova, digər dövlət və özəl qurumların nümayəndələri, şəhidin yaxınları və ailə üzvləri iştirak ediblər.
Rektor M.Babanlı 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin əhəmiyyətindən danışıb. O, Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda düşmənə qarşı döyüşlərdə ADNSU-nun məzunu olan Əlihüseyn Məmmədovun igidlik və fədakarlıq nümunəsi göstərdiyini bildirib.
Digər çıxış edənlər də Azərbaycan Ordusunun gücündən, qüdrətindən bəhs edib, şəhidlərin əziz xatirəsinin daim uca tutulacağını vurğulayıblar.
Tədbirdə şəhid Əlihüseyn Məmmədova həsr edilmiş videoçarx təqdim olunub, vətənpərvərlik mövzusunda rəsm əsərləri nümayiş etdirilib.
İştirakçılar şəhid Əlihüseyn Məmmədova məxsus əşyalardan ibarət sərgi ilə tanış olublar.

Tehsil-press.az


Oxşar xəbərlər