Din xadimləri mütləq ciddi süzgəclərdən keçirilməlidir

Din xadimləri mütləq ciddi süzgəclərdən keçirilməlidir “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklərin edilməsində əsas məqsəd dini fəaliyyət sahəsində qanunvericilik bazasının təkmilləşdiriməsi və sistemləşdirilməsi məqsədi daşıyır.
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov “Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişikliklərin hansı zərurətdən irəli gəldiyi barədə danışarkən deyib.
Deputat bir sıra hallarda sabitliyi pozmaq üçün din amilindən istifadə olunduğunu xatırladıb:
“Bu gün müsəlman ölkələrində cərəyan edən proseslərin təhlili bir sıra hallarda həmin ölkələrdə sabitliyi pozmaq üçün din amilindən məharətlə istifadə olunduğunu müşahidə göstərir. Hazırda müsəlman ölkələrinin qarşısında duran mühüm vəzifələrdən biri dini təhlükəsizliyin təmin edilməsidir. Bəzi müsəlman ölkələri bu sahədə uğurlu siyasət həyata keçirə bilsələr də, qarşımızda bir çox uğursuz nümunələr də var. Bu acı reallıqlardan ciddi nəticə çıxarmalı və gələcəkdə bu kimi hallardan sığortalanmaq üçün mühüm addımlar atmalıyıq.
Bu baxımdan sözügedən Qanuna edilən dəyişikliklər xüsusi əhəmiyyət daşıyır”.
C.Məmmədovun sözlərinə görə, “Dini etiqad azadlığı haqqında” Qanundakı əsas dəyişikliklərin biri qeydiyyatla bağlıdır.
“Əvvəlki dövrlərdə sənədlər dini mərkəzlərə təqdim edilir, sonra isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) təqdim olunurdu. Dəyişikliklərə əsasən, sənədlər birbaşa müvafiq icra hakimiyyətinə təqdim ediləcək. Əvvəlki dövrlərdə sənədlərin dini mərkəzə sonra DQDK-a təqdim olunması bir sıra hallarda prosesin obyektiv və subyektiv səbəblərdən uzanmasına gətirib çıxarırdı. Dəyişiklik qeydiyyat prosesinin sürətlənməsinə şərait yaradacaq”.
Deputat digər mühüm dəyişiklik barədə də danışıb:
“Digər mühüm dəyişiklik dini ibadət yerlərinə din xadimlərinin təyinatı ilə bağlıdır. Dünyanın bir çox ölkələrində dini ibadət yerlərinə din xadimlərinin təyinatını dövlət özü həyata keçirir. Buna misal olaraq bizə dost və qardaş ölkə Türkiyənin təcrübəsini göstərə bilərik.
Nəzərə almaq lazımdır ki, din həm də təhlükəsizlik məsələsidir. Hazırda Azərbaycanda elə məscidlər var ki, Cümə günləri oraya 10 min insan toplaşır. Bu insanlara xitab edənlərin yüksək dini bilikləri və dövlətçilik mövqelərinin olması çox önəmlidir. Dini ibadət yerlərinə təyin olunan din xadimləri mütləq ciddi süzgəclərdən keçirilməlidir”.
C.Məmmədov nəzir qutularına yığılan ianələr məsələsinə də toxunub:
“Qanuna edilən digər mühüm dəyişiklik dini qurumlara ianələrlə bağlıdır. Dəyişiklik ianələrin həm nağd, həm də elektron qaydada qəbulunu nəzərdə tutur. Hesab edirəm, bu dəyişiklik də sözügedən sahədə hesabatlılığın və şəffaflığın təmin olunmasına öz töhfəsini verəcək. Cəmiyyətdə nəzir qutularına verilən ianələrin taleyi ilə bağlı zaman-zaman müxtəlif müzakirələr gedirdi. Hazırda “YAŞAT” Fondunun nümunəsi var. Hesab edirəm, belə bir sistem quraraq vəsaitin şəffaflığını və hesabatlılığını təmin edə bilərik”.

Tehsil-press.az


Oxşar xəbərlər