Dünya Avşarlar Dərnəyinin yaradılmasının 6-cı ildönümünə həsr olunan beynəlxalq konfrans keçirilib

Dünya Avşarlar Dərnəyinin yaradılmasının 6-cı ildönümünə həsr olunan beynəlxalq konfrans keçirilib Türkiyə Cümhuriyyətinin Adana şəhərində Dünya Avşarlar Dərnəyinin yaradılmasının 6-cı ildönümünə həsr olunan beynəlxalq konfrans keçirilib.
Konfransa Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Respublikası, Suriya, İraq, Kosovo, Türkmənistan və başqa ölkələrdən 500-ə yaxın iştirakçı qatılıb.
Tədbiri giriş sözü ilə açan Dünya Avşarlar Dərnəyinin rəhbəri Şeref Kocakaya bildirib ki, Nadir şah Əfşar təkcə Azərbaycanın deyil, ümumiyyətlə dünya tarixinin dahi şəxsiyyətlərindən biridir: “Nadir şaha həsr olunan ilk beynəlxalq elmi konfrans Bakıda keçirilib və mən buna görə Azərbaycanın görkəmli tarixçi-alimi Yaqub Mahmudova minnətdaram”.
Dünya Avşarlar Dərnəyinin Azərbaycan təmsilçisi, şair Şöhlət Əfşar qeyd edib ki, Nadir şah tarixin gedişini dəyişdirən dahi sərkərdədir: “O, tarixdə üç imperiyanı - çar Rusiyası, Osmanlı və Böyük Moğol imperiyalarını məğlub edən, əfqan müdaxiləçilərini ölkədən qovub çıxaran və çökmüş Səfəvi imperiyasının ərazisini daha da genişləndirərək Əfşarlar imperiyasını yaradan böyük hökmdardır”.
AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Yaqub Mahmudov çıxışında bildirib ki, tarixinə sahib çıxan xalq yenilməzdir, tarixinə sahib çıxmayan xalq isə məhvə məhkumdur: “Xalqımızın tarixə bəxş etdiyi dahi şəxsiyyətlərdən biri Nadir şah Əfşardır. O, Əfşarların Qırxlı boyundan idi. Dərbənddəki Qırxlar məscidi, Qırxlar qəbiristanlığı, Qırxlar məhəlləsi və Qırxlar qapısı bu boyun yadigarlarıdır. Nadir şahı amansızlıqda, qırğınlar törətməkdə suçlayanlar yanılırlar, çünki bu barədə ilk mənbələrdə heç bir məlumata rast gəlinmir. O, məzhəb ayrılığına son qoymağa çalışırdı. Lakin Nadir şahın qətli ilə başlatdığı islahatlar yarımçıq qaldı və Azərbaycan tarixində fəlakətli bir dövr başlandı”.
Yaqub Mahmudovun çıxışı tədbir iştirakçıları tərəfindən hərarətli alqışlarla qarşılanıb. Beynəlxalq konfransda qeyd olunub ki, Əfşarlar imperiyası Səfəvilərin davamıdır. Tarixdə 3 hökmdar – Makedoniyalı İsgəndər, Əmir Teymur və Nadir şah Əfşar Hindistanı asılı vəziyyətə sala bilib. 2019-cu ildə isə tarixçi-alimlər Yaqub Mahmudov və Tofiq Mustafazadənin müəllifi olduqları “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” kitabı nəşr edilib. Tədbirdə, həmçinin dünya türklərinin birliyi üçün çağırış edilib.
Sonda Şöhlət Əfşar Azərbaycan nümayəndə heyəti adından Şeref Kocakayaya Nadir şah Əfşarın kətan üzərində işlənmiş portretini hədiyyə edib.
Xatırladaq ki, 2019-cu ildə Bakıda AMEA-nın Tarix İnstitutu və Dünya Avşarlar Dərnəyinin birgə təşkilatçılığı ilə “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər