Azərbaycan və Gürcüstanın təhsil nazirlikləri arasında əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycan və Gürcüstanın təhsil nazirlikləri arasında əməkdaşlığa dair saziş imzalanıb Tbilisidə səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüşüb.
Görüşdə iki ölkənin nazirlikləri, elmi yaradıcılıq birlikləri və ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub.
Mixeil Çxenkeli Gürcüstanda elm və təhsil sahəsində həyata keçirilən islahatlar, beynəlxalq əməkdaşlıq prinsipləri barədə məlumat verib, Azərbaycan ilə bu sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə Emin Əmrullayev bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə olduğu kimi elm və təhsil sahəsində də səmərəli əməkdaşlıq mövcuddur. Lakin bu sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanlar var.
Səfərin məqsədi də bu və digər məsələləri müzakirə etməkdir.
Görüşdən sonra Azərbaycan və Gürcüstanın təhsil nazirlikləri arasında təhsil sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
Sənədi Azərbaycanın təhsil naziri Emin Əmrullayev və Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli imzalayıb.

Tehsil-press.az


Oxşar xəbərlər