Pedaqoji Universitetdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Pedaqoji Universitetdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan “XX yüzilliyin faciəsi” adlı anım tədbiri keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Faciəyə həsr edilən qısametrajlı film nümayiş olunub.
ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında bu qətliam Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri və Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi kimi xarakterizə olunur.
Rektor qeyd edib ki, XX yüzillikdə 4 dəfə azərbaycanlılara qarşı kütləvi deportasiya ilə müşayiət olunan soyqırımı aktları baş verib. Yalnız Birinci Qarabağ müharibəsində 20 minədək həmvətənimiz şəhid oldu, 50 minədək insan sağlamlığını itirdi, 1 milyondan çox soydaşımız qaçqın və ya məcburi köçkün vəziyyətinə salındı. Müharibənin kulminasiya nöqtəsi, ən dəhşətli epizodu isə Xocalı qətliamı oldu. Qana susamış ermənilər cəmi bir gecədə Xocalı şəhərinin 613 dinc sakinini qətlə yetirdilər, 1275 nəfəri girov götürdülər.
Xocalı qətliamı 1992-ci ildə müasir dünyanın gözü qarşısında törədilsə də, onun xarici dövlətlər tərəfindən soyqırımı kimi tanınmasına nail olmaq üçün həm xeyli vaxt, həm də ardıcıl, məqsədyönlü və gərgin iş aparılması lazım gəldi.
Çıxışının sonunda rektor qeyd edib ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı, 2020-ci ilin payızında rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə mənfur düşməni darmadağın etdi. Beləliklə, 30 il işğal altında qalan torpaqlarımız cəmi 44 günə azad edildi.
Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti Pərviz Səfərov “Xocalı qətliamı Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətdir”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Samirə Ramazanova “Soyqırımı aktına xarici dövlətlərin və KİV-in reaksiyası” mövzusunda məruzələrlə çıxış etdilər. Universitetin magistrantı Aytac Rəhimova müasir informasiya cəmiyyəti şəraitində tarixi ədalətin bərpasında, xalqımızın başına gətirilən faciələrin beynəlxalq aləmdə tanıdılmasında gənclərin rolundan danışıb.
Tədbirin sonunda Laçın şəhər 1 nömrəli musiqi məktəbinin müəllim və şagirdləri ədəbi-bədii və musiqili kompozisiya ilə çıxış ediblər.

Tehsil-press.az




Oxşar xəbərlər