Xocalı soyqırımı – tariximin qanlı səhifəsi

Xocalı soyqırımı – tariximin qanlı səhifəsi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı - qan yaddaşımız!” adlı tədbir keçirilib. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə çıxış edən Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov Xocalı faciəsinin tariximizin qanlı səhifəsi olduğunu, bu dəhşətli faciənin yaddaşımızdan silinməyəcəyini vurğulayıb.
Tədris işləri üzrə prorektor Akif Qasımov çıxışında Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib və gəncləri vətənpərvər olmağa səsləyib. Xocalı faciəsinin xalqımıza qarşı soyqırımı aktı kimi dünyada tanıdılması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları atdığını qeyd edən A.Qasımov ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasını yada salıb. Qeyd edib ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib və fevralın 26-sı Xocalı Soyqırımı Günü elan olunub. Prorektor çıxışında 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun, qəhrəman oğullarımızın ermənilərdən Xocalı şəhidlərinin qisasını aldıqlarını, onların qanının yerdə qalmadığını xüsusi qeyd edib.
Sonra Tələbə Həmkarlar İttifaqı Komitəsinin özfəaliyyət klubunun hazırladığı Xocalı hadisələrinə həsr olunmuş videoçarx və səhnəcik nümayiş olunub.
Tədbirdə Xocalı faciəsinin canlı şahidi, universitetin əməkdaşı Nəcibə Əliyeva o gecə gördüyü dəhşətlərdən, ermənilərin törətdiyi vəhşiliklərdən danışıb, həmin günlərin xalqımızın yaddaşında silinməz izlər qoyduğunu və heç zaman unudulmayacağını bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər