UNEC-də “Xocalı qan yaddaşımızdır!” adlı beynəlxalq tədbir keçirilib

UNEC-də “Xocalı qan yaddaşımızdır!” adlı beynəlxalq tədbir keçirilib Azərbaycan Dövlət İqtisad Universitetdə (UNEC) Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Xocalı qan yaddaşımızdır!” adlı beynəlxalq tədbir keçirilib. Tədbirin açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, professor Anar İsgəndərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb. Bu soyqırımın Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu deyən deputat 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə müzəffər Ordumuzun Xocalı qurbanlarının qisasını aldığını, onların qanının yerdə qalmadığını diqqətə çatdırıb.
Sonra tədbirə onlayn olaraq qoşulan İsrailin Holon Texnologiya İnstitutunun Kiber şöbəsinin rəhbəri Harel Menashri kibertəhlükəsizlikdən və universitetlərdə bu ixtisasın tədrisinin vacibliyindən danışıb.
Tədbirdə çıxış edən Türkiyənin Bursa Uludağ Universitetinin professoru Barış Özdal, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru ictimai xadim və politoloq Sergey Markov, Qırğızıstan Beynəlxalq Universitetinin prorektoru dosent Baatirbek Akilbekov, Mirzo Uluqbek adına Özbəkistan Milli Universitetinin professoru Niginahon Şermuxamedova Xocalı soyqırımının Ermənistanın düşünülmüş siyasətinin tərkib hissəsi olduğunu bildirib, bu soyqırımının azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və hərbi cinayət kimi qiymətləndiriblər. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının və hüquqi-siyasi qiymətini almasının əhəmiyyətini vurğulayıblar.
Əslən Xocalıdan olan UNEC tələbəsi Fədayə Cavadzadə ailəsinə, yaxınlarına qarşı törədilən vəhşiliklərdən danışıb, həmin günlərin xalqımızın qan yaddaşında silinməz izlər qoyduğunu və heç zaman unudulmayacağını bildirib.
Çıxışlardan sonra UNEC məzunu Yusif Cəfərbəylinin ifasında “Xocalı lay-lay” musiqisi iştirakçılara duyğulu anlar yaşadıb.
Tədbir çərçivəsində UNEC Dizayn Məktəbinin tələbələrinin Xocalıya həsr olunan rəsm əsərləri də nümayiş olunub.

[b]Tehsil-press.az[b]

Oxşar xəbərlər