Naxçıvan Dövlət Universiteti Clarivate Analytics şirkəti ilə əməkdaşlığı genişləndirir

Naxçıvan Dövlət Universiteti Clarivate Analytics şirkəti ilə əməkdaşlığı genişləndirir Naxçıvan Dövlət Universitetində keçirilən onlayn tədbirdə Clarivate Analytics Şirkətinin Rusiya və MDB üzrə rəhbəri Oleq Utkin şirkətin fəaliyyəti haqda məlumat verərək şirkətin əməkdaşlıq imkanları, Azərbaycanda fəaliyyəti, elmi jurnalların indekslənməsi, impakfaktorlar barədə danışıb.
Clarivate Analytics şirkətinin regional təhsil şöbəsinin müdiri Valentin Boqorov qeyd edib ki, Web of Science (WoS) və Scopus hazırda dünyada ən nüfuzlu baza olaraq qəbul olunur. Web of Science bazasına 12 mindən, Scopus bazasına isə 25 mindən artıq jurnal daxildir. Hər il bu bazalar yenilənir, yeni jurnallar daxil edilir və ya bazadan çıxarılır. Vurğulanıb ki, Web of Science (WoS) – dünyada qarşılıqlı sitat gətirməni nəzərə alaraq akademik materialların referativ bazalarını özündə cəmləşdirən ən böyük axtarış platformalarından biridir və bu sitat gətirmənin əsasında hər bir jurnal ayrıca impakt-faktor alır. Hazırda 800 milyondan çox istinadları indeksləşdirən Web of Science elmmetrik platformasının əsasını təşkil edən üç əsas və yeni -Science Citation Index Expanded (SCIE) – təbiət və dəqiq elmləri, Social Sciences Citation Index (SSCI) – ictimai elmləri, Arts & Humanities Citation Index (AHCI) – humanitar elmlərini özündə cəmləşdirən bazalar mövcuddur. Qeyd edilib ki, nəşr standartlarının digər əlamətlərindən biri də məqalələrin resenziyadan keçməsidir, bu da təqdim olunan elmi materialların keyfiyyətinin, həmçinin, orada istinad edilən ədəbiyyat siyahısının dolğun şəkildə verildiyinin göstəricisidir. Şirkətə məxsus olan publons, elmi media platforması, core collection, metrik baza haqda məlumat verən Valentin Boqorov Naxçıvan Dövlət Universiteti professor-müəllim heyətinin son iki ildə web of sciences indeks bazalarında elmi məqalə nəşrlərinin qənaətbəxş olduğunu bildirib. Beynəlxalq elmi jurnallarda məqalə dərci və bununla bağlı olan problemlər, tədqiqatçının elmi jurnal seçərkən diqqət yetirəcəyi əsas məqamlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Son illər kibercinayətkarlar tərəfindən bir alət kimi istifadə olunan "yırtıcı" və "oğurlanmış" jurnallar haqda məlumatlar, nümunələr və onları aşkar etmə üsulları barədə ətraflı məlumat verilib.
Universitetin rektoru Elbrus İsayev ali təhsilin davamlı inkişafa nail olunması, alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Qeyd edilib ki, elmin və texnologiyanın inkişaf etdiyi, elmi kommunikasiyanın həyatımızın mühüm hissəsinə çevrildiyi bir dövrdə elmi jurnalların Web of Science və ya Scopus beynəlxalq elmmetrik məlumat bazalarına daxil edilməsində bir zəruriyyət vardır. Rektor universitetin “Elmi əsərlər” jurnalının “Web Of Sciense” də indeksləşməsi bazasına daxil olmağını gələcək fəaliyyət istiqaməti kimi önə çəkib. Rektor həmçinin diqqətə çatdırıb ki, ali təhsil ocağında “Web Of Sciense” indeks bazalarında yer alan jurnalların tapılması, məqalə standartları, onlara verilən tələblər və yazılan elmi məqalələrə uyğun “Web Of Sciense” indeks bazalarında jurnalların tapılması mövzusunda təlimlər keçirilib.
Onu da qeyd edək ki, 2018-ci ildə ölkəmiz elm sahəsində Scopus-un siyahısında 233 ölkə arasında 92-ci, Web of Science (WoS-un) siyahısında isə 224 ölkə arasında 98-ci yerdədir. Görüşün sonunda müxtəlif elm sahələri üzrə ən nüfuzlu jurnalların axtarılıb tapılması, məqalələrin hazırlanması, nəşr prinsiplərinə dair gələcək perspektivlərin həyata keçirilməsi qərara alınıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Səadət Əliyeva
NDU-nun Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsinin müdiri


Oxşar xəbərlər