Od çərşənbəsi insanları ruhən təmizləyir, mənən gücləndirir

Od çərşənbəsi insanları ruhən təmizləyir, mənən gücləndirir Novruz bayramı və onun tərkib hissəsi olan ilaxır çərşənbələrinin bir əsrarəngizliyi də ondadır ki, bu zaman insan özünü təbiətlə bir sırada qoyur, özünü təbiətin bir parçası kimi görür və onunla eyniləşdirir. Bu baxımdan, Od çərşənbəsində insan həm oda müqəddəs baxışlarını ortaya qoyur, həm od ilə təmasda olmaqla ondan faydalanır, həm də müqəddəs bildiyi odu qoruyub saxlamağı özünə borc hesab edir.
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin Od çərşənbəsi haqqında qeydlərini təqdim edir.
Od çərşənbəsi odla, istiliklə bağlı olub insanların oda inamlarını ifadə edib. Odun, işığın, enerjinin kainatdakı ən böyük və tükənməz mənbəyi Günəşdir. Günəş isə göyü, yeri (yerin altını da) isindirib, qızdırıb həyat enerjisi ilə külli-kainata dirilik bəxş edir.
“Azərbaycan xalq ədəbiyyatı” dərsliyində professor Azad Nəbiyev yazırdı: “İlaxır çərşənbələrin ikincisi Od çərşənbəsidir. Buna xalq arasında “Üskü çərşənbə”, “Üskü gecəsi”, “İkinci çərşənbə”, yaxud da əzizləmə məqsədilə “Addı çərşənbə” deyilir.
Od çərşənbəsi Günəşə, oda, odu qoruyub saxlamaq inamına tapınma ilə əlaqədar yaranmışdır. Zərdüşt görüşlərindən hələ çox-çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən günəşi, onun yerdəki rəmzi olan odu təsəvvürlərində rəmzləşdirmişlər. Belə bir etiqad yaranmışdı ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər”.
Təbiətə və təbiətin ayrılmaz parçası olan insanlara həyat enerjisi – dirilik verən odun real həyatdakı funksiyası qədim mifik görüşlərdə də öz inikasını tapıb. Mirça Eliadenin bu fikirləri də odun müqəddəs həyatvericilik missiyasını göstərir: “Od hansı təbiətə malik olmasından asılı olmayaraq, insanı “ruha” çevirir: məhz buna görə də şamanlar “odun sahibi” hesab olunur və közərmiş kömür onları yandırmır”.
Odun yandırıb məhv etmək təbiəti olsa da, közərmiş kömür belə şamanları yandırmadığından, odun sahibi sayılırlar; çünki müqəddəs od insanı ekstaz halına salır, başqa sözlə, insanı ruha çevirir. Odun insanı ruha çevirməsi isə insana mənəvi güc – enerji verməsi deməkdir. Bu mənada odun enerji – həyat mənbəyi olması özünü bu tərəfdən də nümayiş etdirir. Onu da qeyd edim ki, çərşənbə ocağının (eləcə də Novruz tonqalının) odu mifik şüurda müqəddəsliyi təmsil etdiyindən heç vaxt dağıdıcı fəsadlar (yanğın fəlakəti və s.) törətmir, həmçinin bu od heç vaxt insanları yandırmır, əksinə, insanları mənən yüngülləşdirir
M.Eliadenin fikirlərindəki şamanları közərmiş kömürün yandırmaması ilə müqəddəs çərşənbə odunun bayram keçirənləri yandırmaması inamı üst-üstə düşür. Üstəlik, həmin məqamda bayram iştirakçıları “odun sahibi” olan şamanlarsayağı şamanlıq aktına girmiş olurlar. Od çərşənbəsi insanları “ruha” çevirir, yəni ruha çevrilmə dedikdə insan ruhən təmizlənir, mənəvi gücə yiyələnir, mənən-ruhən güc toplayır, sağlam ruha yüklənir.
Azərbaycan mifoloji mətnlərindən birində deyilir: “Cinlər, əjdahalar Günün düşmənidirlər. Ona hücum edib boğmağa çalışırdılar. O zaman Günəşlə cinlər, əjdahalar arasında bərk dava düşür. Amma Günəş tək, cinlər, əjdahalar çox. Günəşin gücü bu davada tükənməyə başlayır. Onun qüvvəsi qurtardıqca cinlər, əjdahalar Günəşi daha da boğmağa çalışırlar.
Günəşin tək olduğunu, boğulduğunu görən adamlar ona kömək etməyə başlayırlar. Adamların yerdəki hücumunu görən cinlər, əjdahalar qorxub tez Günəşi buraxırlar. O saat da qaçıb dağılışırlar.
Davada Günəş çox boğulduğundan rənginə qızıl qan gəlir. Ona görə də Günəş tutulandan sonra rəngi qıpqırmızı olur”.
Günəşlə bağlı animistik təsəvvürlər aydın görünür. Cinlər, əjdahalar qara qüvvələrin təmsilçisidir və işığın, nurun, odun daşıyıcısı olan Günəşə qarşı vuruşurlar. Bu zaman adamlar Günəşin tərəfinə keçməklə onu məğlubiyyətdən xilas edirlər. Mifoloji mətn Azərbaycan xalqının mifik təsəvvürünü əks etdirdiyindən mətndəki adamlar da xalqımızı ifadə edir. Demək, xalqımız Günəşə, oda tapınmaqla onu dirilik mənbəyi hesab etməklə yanaşı, eyni zamanda, Günəşin müdafiəçisi kimi çıxış edib, öz növbəsində Günəşi canlı simada təsəvvür etmiş və onu yad qüvvələrdən qorumağa da qalxmışdır. Beləliklə, etiqad etdiyi Günəşin yolunda cihad aparmışdır. Bu mənada ilaxır çərşənbələrdən birinin Günəşə, Günəşin bəlgəsi sayılan oda bağlanması da xalqımızın bu kimi müqəddəs mifik baxışlarını ortaya qoyur.
Qeyd edim ki, nəinki mifologiyada, bədii ədəbiyyatımızda da odla, işıqla bağlı kifayət qədər ədəbi nümunələrimiz yaranıb. Tədqiqatçı Kəmalə Osmanova “Xalq mərasimləri və nəğmələri” kitabında yazır: “Od çərşənbəsi əski görüşlərlə bağlıdır... Odlu çərşənbədə adamlar sübh tezdən hündür bir təpənin üstündə tonqal qalayardılar. Həmin tonqalın dövrəsinə toplaşıb Günəşin doğmasını gözləyərdilər. Elə ki, Günəş doğdu, hamı onu salamlayan “Qodu Xan” nəğməsini oxuyar, tonqalın başında dövrə vurar, sonra da hərə tonqaldan öz məşəlini yandırıb ocaqlarını alışdırmaq üçün evə tələsərdi... Adamlar tonqalın dövrəsində dolandıqca, eləcə də gəlib öz ocaqlarını yandırdıqca oxuyardılar:

Qodu Xan, Qodu Xan,
Söndürmə odu Xan.
At üstə od gətir,
Ulusa od gətir.
Sözü bal Qodu Xan,
Özü al Qodu Xan.

“Qodu” əksliklərlə, istiliklə əlaqədar olduğundan, o güləndə gün çıxır, ağlayanda yağış yağır, soyuq olur. Burdan apaydın görünür ki, Qodu iki əksliyin başlanğıcıdır”.
Nəğmənin məzmunundan bir daha anlaşılır ki, Qodu öz mahiyyətində odu və odu söndürə biləcək yağışı (suyu) əks etdirməklə əksliyin vəhdətini işarələyir. Bu da yenə birbaşa xaos-kosmos dünyalarının qarşı-qarşıya dayanmasını simvollaşdırır. Su ünsürü qışı, od ünsürü baharı (Novruzu) təmsil edir. Qışdan yaza keçid nöqtələrindən biri olan Od çərşənbəsində Qoduya müraciətlə “Söndürmə odu, Xan” söylənməsi də insanların yaz günəşinin bəlgəsi olan odun sönməməsi arzusunun inikasıdır.
Od çərşənbəsi xalqımızın təfəkküründə mifik çağlardan ta bu günə, müasir dövrümüzə kimi müxtəlif dini və dünyəvi dünyagörüşləri ilə qovuşub çarpazlaşıb, mərasim mədəniyyətimizdə və məişətimizdə möhkəmlənib.
Bu günün mərasiminin keçirilməsində başlıca arzu-niyyət yaz gecə-gündüz bərabərliyini gətirən və günəşli günlərin uzanmasına aparan Novruz günəşini, yaz günəşini çağırmaqdan, müqəddəs bildikləri Günəşin hərarətinə isinməkdən və bu istidə yeni həyat nəfəsi qazanmaqdan ibarətdir. Çünki Günəş həyat mənbəyidir, Günəş şüası olmasa, günün hərarəti olmasa təbiətin canına isti keçməz və donmuş təbiət cana gəlməz. Günəş şüası olmasa, təbiətdə bitkilər aləmində həyat, dirilik üçün zəruri amil olan fotosintez prosesi getməz və canlılar aləmi üçün oksigen – təmiz hava yaranmaz. Deməli, od ünsürünün (odun mənbəyi olan Günəşin) olmaması digər bir yaradıcı ünsürün – havanın (dirilik üçün çox vacib olan təmiz havanın, yeni havanın - oksigenin) olmamasına gətirib çıxarar. Deməli, yaradıcı ünsür olan od özlüyündə həm də hava ünsürünün yaranmasını şərtləndirir. Buradan o nəticə çıxır ki, Günəş təkcə odun təmsilçisi deyil, həmçinin havanın yaranması üçün əsaslı zəmin rolunu oynayır. Bir az da dərindən düşünsək, Günəşi çağırma mərasimində oxunan “Qodu Xan” nəğməsində Qodunun iki əksliyin başlanğıcı olduğunu – günəşi (odu) və yağışı (suyu) özündə təmsil etdiyini görərik.
Professor Qəzənfər Paşayev bu məsələyə belə münasibət bildirir: “Azərbaycan folklorunda Qodu Günəşin rəmzi, onun bəlgəsidir. Günəşin rənginə uyğun qırmızı parçadan düzəldilən gəlincik “Qodu” adlanır. O da maraqlıdır ki, Qodu ikili səciyyə daşıyır; Günəşi çağırmaq, aramsız yağışı kəsmək, başqa bir tərəfdən də yağışı çağırmaq”. Beləliklə, Od çərşənbəsindəki od ünsürü mahiyyətcə günəşlə sıx bağlıdır. Günəş isə həyat, dirilik mənbəyi olmaqla təkcə istiliyi – odu yox, həmçinin yağışı – su ünsürünü də, hava ünsürünü də, hələ desək, göydən yerə - torpağa nur (od) ələməklə torpaq ünsürünü də canlandırıb hərəkətə gəlməsinə stimul yaradır. Bu məntiqdən hesaba aldıqda, Od çərşənbəsi təkcə bir yaradılış ünsürü ilə məhdudlaşmır, digər yaradılış ünsürləri olan su, yel (hava) və torpağa da stimulverici güc bəxş edir. Bu isə Od çərşənbəsinin cövhərindəki istilik – enerji ionları ilə yüklənmiş odun yeni həyatın əsasını təşkil etdiyini göstərir.

Tehsil-press.az


Oxşar xəbərlər