
Maliyyə Nazirliyi xəbər verir ki, 173,5 milyon ABŞ dolları məbləğində olan kredit Azərbaycanda tikilməkdə olan BOEM stansiyalarını təhlükəsiz şəkildə enerji sistemə ötürmək üçün enerji ötürücü infrastrukturun gücləndirilməsini təmin edəcək.
Kredit vəsaiti 5 ili güzəşt dövrü olmaqla 15 illik müddətə cəlb olunur və kreditin qaytarılması 2039-cu ilin sonunda bitəcək. Layihədə Azərbaycan Hökumətinin iştirak payı (31.2 milyon ABŞ dolları) ƏDV və gömrük rüsumlarının ödənilməsindən ibarətdir.
İcra müddəti 4 il olan layihənin əsas məqsədi “Azərenerji” ASC-nin enerji sistemin fəaliyyətinin yaxşılaşdırması və tikilməkdə olan bərpa olunan enerji mənbələrinin növbəti 5 il ərzində enerji ötürücü şəbəkəsinə təhlükəsiz inteqrasiyasına dəstək göstərməkdir. Layihə çərçivəsində Dünya Bankı tərəfindən ümumi uzunluğu 341 km olan 500 və 330 kV-luq 4 elektrik verilişi xəttinin tikintisi, eləcə də 500/330/10 kV-luq Nəvahi Yarım Stansiyası üçün transformator və əlaqəli avadanlıqların alınması maliyyələşdiriləcək.
Tehsil-press.az