Prezident mükafatçısı BDU-da “Dərin öyrənmə metodları” adlı ustad dərsi keçib

Prezident mükafatçısı BDU-da “Dərin öyrənmə metodları” adlı ustad dərsi keçib Bakı Dövlət Universitetində (BDU) 27 Mart - Azərbaycan Respublikasında Elm Gününə həsr olunan tədbirlər çərçivəsində silsilə elmi seminarlar başlayıb.
2022-ci ildə elm sahəsində Prezident mükafatçısı olan Əliqənbər Xəlilli bu gün Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “Dərin öyrənmə metodları” adlı ustad dərsi keçib.
Ə.Xəlilli mühazirəsində “Türinq maşını və hesablamanın riyazi modelləşdirilməsi”, “Türinq paradoksu”, “Riyaziyyat elmi ilə kompüter elminin ələqələndirilməsi”, “Abstraksiya nədir?”, “Alqoritmlər və verilənlər strukturu”, “İnsan beyninə qarşı kompüter hesablaması”, “Dərin öyrənmə metodları və bütün danışılan mövzuların məntiqi əlaqəsi” mövzuları üzrə geniş məlumat verib.
Əliqənbər Xəlilli mühazirədə, həmçinin “Ehtiyaclardan ideyaya qədər maşınların öyrənilməsi”, “Kompüter hesablamalarının funksiyaları, determinizm, ehtimal nəzəriyyəsi, türinq maşını”, “Türinq maşınının riyazi hesablama modeli”, “Qeyts məntiqi”, “Kainat haqqında təsəvvürümüz: məntiq, qeyri-səlis məntiq və ikili məntiq haqqında mülahizələr”, “Hesablama prosesi - verilənlər toplusundan yeni məlumat çıxarmaq üçün istifadə olunan dəqiq addımların ardıcıllığı”, “Alqoritmlər və məlumat strukturları”, “Adaptiv hesablamada ehtimal və optimallaşdırma” və “Dərin öyrənmədə köhnə üsullar, siqnal prosesi, təkrarlanan arxitekturalar, generativ modellər və Q-öyrənmə” haqqında danışıb.
O, uğur qazanmaq üçün şəxsi təcrübəsini bölüşüb, peşəkar mütəxəssis olmağın sirlərindən bəhs edib, tələbələrə tövsiyələrini verib.
Qeyd edək ki, Əliqənbər Xəlilli IGF-2012 beynəlxalq forumunda informasiya texnologiyaları həllərinin verilməsində iştirak edib. 2013-2015-ci illər ərzində bir sıra mühüm dövlət və özəl müəssisələrin informasiya texnologiyaları layihələrini uğurla həyata keçirib. 2015-ci ildə dünyaşöhrətli alim Lütfi Zadənin “2-ci tip qeyri-səlis məntiq nəzəriyyəsi” üzrə araşdırmalarını ictimaiyyətə təqdim edib.
O, 2016-cı ildən dünyaca məşhur kompüter elmləri bloqlarında faydalı kontentin yaradılmasına və inkişafına dəstək verir. 2017-ci ildən Massaçusets Texnologiya İnstitutu, Stanford, Berkli universitetlərinin süni intellekt sahəsi üzrə proqramlarını bitirərək, bir çox sertifikatlara layiq görülüb. 2019-cu ildə isə Gürcüstanda keçirilmiş “Data Science 2019” konfransında Azərbaycanı təmsil edib. 2019-2021-ci illərdə Amerikada keçirilən “Compiler Writing”, “Raft Implementation”, “Structure and Interpretation of Computer Programs” təlimlərində uğurla iştirak edib. Bu təlimlərin nəticəsində qazanılmış bilikləri tətbiq edərək, telekommunikasiya protokollarından biri olan “Diameter” protokolunu “Python” proqramlaşdırma dilində yazıb.
Əliqənbər Xəlilli bu təlimlərdən qazandığı biliklər əsasında “Azercell” akademiyasında süni intellekt sahəsi üzrə təlimçi olub. 2017-ci ildə İrlandiyanın Dublin şəhərində keçirilmiş telekommunikasiya təlimində fəal iştirak edib, 2018-ci ildən etibarən şəxsi bloqunda süni intellekt, alqoritmlər, verilənlər strukturu üzrə elmi-praktik həllərin analizini cəmiyyətə çatdırır. 2019-cu ildən etibarən dünya üzrə məşhur süni intellekt kitabxanası olan “Tensorflow”nun açıq qaynaq kodlarına öz töhfəsini verməkdədir.
Vətən müharibəsi dövründə rabitə və telekommunikasiya xidmətlərinin keyfiyyətli təminatında Əliqənbər Xəlillinin xüsusi xidmətləri olub. O, hazırda ABŞ-ın “TopTal” şirkəti ilə əməkdaşlıq edir. 2022-ci il fevralın 2-də Prezident İlham Əliyevin Sərəncamı ilə Gənclər üçün Prezident mükafatına layiq görülüb.

Tehsil-press.az

Oxşar xəbərlər