BDU Alman Akademik Mübadilə Xidməti ilə əməkdaşlığı genişləndirir

BDU Alman Akademik Mübadilə Xidməti ilə əməkdaşlığı genişləndirir Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Alman Akademik Mübadilə Xidmətinin (DAAD) regional direktoru Gebhard Reulla görüşüb.
Görüşdə rektor Elçin Babayev Azərbaycan və Almaniya universitetləri arasında tələbə və professor-müəllim mübadiləsinin, birgə elmi-tədqiqat proqram və layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. BDU ilə Almaniyanın müxtəlif universitetlərinin sosial, humanitar, dəqiq və təbiət elmləri sahəsində ikili diplom proqramları əsasında kadr hazırlığı aparılmasının ölkələrimiz arasında elm və təhsil sahəsində əlaqələrin gücləndirilməsinə xidmət edəcəyi qeyd olunub.
Rektor elmin prioritet istiqamətləri üzrə qısamüddətli və uzunmüddətli qarşılıqlı elmi ezamiyyətlərin, birgə yay və qış məktəblərinin təşkil olunmasını təklif edib.
DAAD-ın regional direktoru Gebhard Reul BDU-nun tələbə və gənc tədqiqatçıları üçün Almaniya universitetlərində müvafiq proqramlar üzrə təhsil almaq, araşdırmalar aparmaq, universitetin professor-müəllim heyəti və elmi işçilərinə əməkdaşlıq əlaqələrinin qurulmasına kömək məqsədilə seminarların keçiriləcəyini bildirib.
O qeyd edib ki, DAAD mütəxəssisləri tərəfindən BDU tələbələri və müəllimlərinə alman dilinin öyrədilməsi xidməti də göstərilə bilər.

Tehsil-press.az


Oxşar xəbərlər