“TEKNOFEST Azərbaycan” festivalına AMEA-dan təklif olunan layihələr müzakirə edilib

“TEKNOFEST Azərbaycan” festivalına AMEA-dan təklif olunan layihələr müzakirə edilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimovun sədrliyi ilə AMEA-nın elmi müəssisələrinin “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçiriləcək sərgidə iştirakı məsələsinə həsr olunan onlayn müşavirə keçirilib. Müşavirədə sərgidə iştirak üçün təkliflər təqdim edən elmi müəssisələrin baş direktorları, icraçı direktorları, elmi katibləri, texnoloji innovativ məhsulların müəllifləri, eləcə də Rəyasət Heyəti aparatının İşlər idarəsi və İnformasiya şöbəsinin müvafiq nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan akademik Arif Həşimov ölkəmiz üçün əlamətdar hadisə olan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçiriləcək sərgidə nümayiş etdirilməsi üçün AMEA-nın çox sayda nailiyyətlərinin, mühüm elmi nəticələrinin olduğunu diqqətə çatdırıb. O, texnologiya sahəsində ən son yeniliklərin nümayiş etdiriləcəyi sərginin AMEA-da əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından böyük imkanlar açdığını qeyd edib.
Akademik Arif Həşimov, həmçinin AMEA-nın festivalda iştirakı nəzərdə tutulan elmi müəssisələrinin təqdim edəcəkləri texnoloji yeniliklər, innovativ məhsullarla bağlı təkliflərini səsləndirib.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev Azərbaycanda ilk dəfə olaraq texnologiyalara həsr olunan festivalın keçiriləcəyini bildirib. O, “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində baş tutacaq sərgidə AMEA-nın elmi müəssisələrinin yüksək səviyyədə təmsil olunması üçün görüləcək işlər barədə məlumat verib. Vurğulayıb ki, ölkə rəhbərliyinin Azərbaycan elminə göstərdiyi xüsusi diqqət və İKT sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq respublikamız artıq texnologiya festivalına ev sahibliyi edir. Akademik Rasim Əliquliyev ölkəmizdə texnoloji suverenliyin təmin olunması, yüksək texnologiyaların inkişafı sahəsində aparılan işlər və “ağıllı” infrastrukturun yaradılmasının Azərbaycanın bu sahədə əldə etdiyi uğurların nəticəsi olduğunu bildirib. Alim qeyd edib ki, AMEA-nın elmi müəssisələri sərgidə fəal olmalıdır, ölkəmizdə müvafiq istiqamətdə əldə olunan nailiyyətləri yüksək səviyyədə təqdim etməlidir. O, AMEA-da aparılan uzunmüddətli tədqiqatların nəticəsi olan, rəqabətədözümlü, intellektual texnoloji məhsulların sərgi iştirakçıları arasında böyük maraq doğuracağına inamını ifadə edib. Vitse-prezident AMEA üçün ayrılmış pavilyonun məzmunlu şəkildə tərtibinin, dizayn, o cümlədən qoyulan digər tələblərə uyğunlaşdırılmasının önəminə toxunub, bu istiqamətdə işlərin sürətləndirilməsinin vacibliyini qeyd edib.
Daha sonra sərgidə iştirak üçün təkliflər təqdim etmiş elmi müəssisələrin baş direktorları çıxış ediblər.
İdarəetmə Sistemləri İnstitutunun sərgidə nümayiş etdirəcəyi müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının adaptasiya oluna bilən idarəetmə sisteminin funksiyalarını həyata keçirmək üçün işlənib-hazırlanmış mikrokompüter haqqında məlumat verilib. Bildirilib ki, sərgidə mikrokompüterin təqdimatı ilə yanaşı, real uçuş aparatının virtual nümayiş etdirilməsi də nəzərdə tutulur. Qeyd olunub ki, məqsəd idarəetmə sisteminin müasir tələblərə cavab verən və böyük maraq doğuran funksiyalarını nümayiş etdirməkdir. Diqqətə çatdırılıb ki, AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC ilə birgə pilotsuz uçuş aparatının imkanları maket vasitəsilə nümayiş ediləcək.
Məlumat verilib ki, Riyaziyyat və Mexanika İnstitutu festivalda bir eksponatla təmsil olunacaq. Sərgidə nümayiş olunacaq karbohidrogenlərin çıxarılması, nəqli və saxlanılması həlləri ilə bağlı təqdimatda karbohidrogenlərin axın və süzülmələri zamanı yaranan çətinliklər, onların aradan qaldırılması məsələləri ilə əlaqədar tədqiqatlar, alınan patentlər, bu istiqamətdə effektivliyi artırmaq üçün yaradılan innovativ texnologiyalar, onların müəyyən sənaye sahələrində tətbiq olunma coğrafiyası haqqında məlumat veriləcək.
Qeyd olunub ki, Radiasiya Problemləri İnstitutu sərgidə iştirak üçün bir neçə təkliflə çıxış edib. İşğaldan azad olunan ərazilərimizdə aparılan 8 ekspedisiyanın nəticəsi olaraq, minalardan təmizlənmiş sahələrdə pilotsuz uçuş aparatları vasitəsilə radiasiya monitorinqi sisteminin tətbiq olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, minalardan təmizlənməmiş ərazilərdə, keçilməz relyeflərdə radiasiya monitorinqinin tam mənzərəsini əldə etmək üçün bu prosesin pilotsuz uçuş aparatları üzərində radiasiya detektorları yerləşdirərək həyata keçirilməsi planlaşdırılır. Sərgidə bu sistemin maketi təqdim olunacaq. AMEA pavilyonunda, həmçinin analoqlarından texniki parametrlərinə görə fərqlənən ultrahəssas innovativ detektorların və digər texnologiyaların nümayişi nəzərdə tutulur.
Sərgidə İnformasiya Texnologiyaları İnstitutu tərəfindən cəmiyyətdə toplanan informasiya selinin süni intellekt texnologiyalarının köməyilə analiz olunması, təsnifi və proqnozlaşdırılması ilə bağlı dünyanın aparıcı elmi mərkəzləri tərəfindən tanınan, yüksək impakt faktorlu jurnallarda dərc olunan və praktiki olaraq tətbiq edilməyə hazır olan proqram təminatı məhsulunun nümayişi nəzərdə tutulur. Sərgiyə təqdim olunacaq digər texnoloji məhsul əşyaların interneti platformasında kritik infrastrukturlara olan təhdidlərin aşkarlanması və ona qarşı tədbirlərin görülməsi ilə bağlı neyron şəbəkələrə əsaslanan dərin təlim texnologiyaları üzrə intellektual proqram məhsullarını əhatə edir.
Biofizika İnstitutu sərgiyə Milli Onkologiya Mərkəzi ilə birgə işlənilən texnologiya təqdim edəcək. Texnologiya süni intellektə əsaslanır və ağciyər xərçənginin təyinində insanın qan plazmasından istifadəni nəzərdə tutur. Bu metod vasitəsilə 90 faiz dəqiqliklə nəticə əldə olunur.
İclasda Yüksək Texnologiyalar Parkının AMEA-nın festivalda yüksək səviyyədə təmsil olunması üçün geniş imkanlara malik olduğu diqqətə çatdırılıb. Bildirilib ki, AMEA pavilyonunda texnoparkın akademiyanın bir sıra institut və təşkilatları ilə birgə həyata keçirdikləri texnoloji layihələr, eləcə də texnoparkın rezidentlərinin istehsal etdikləri innovativ məhsullar təqdim olunacaq.
Həmçinin Parkın rezidentlərinin – “İnkor” MMC, “Elm və Texnologiyalar Parkı” MMC, “Azcosmetics Group” MMC, “İntertek Azeri LTD” MMC, “Proline Chemicals” MMC, “Bakı Polimer İstehsalat” MMC, “Azoil İndustry” MMC sərgiyə təqdim edəcəkləri məhsullar barədə ətraflı məlumat verilib.
Müşavirədə festivalda iştirakla bağlı texniki məsələlərə dair qoyulan tələblərdən də bəhs olunub.
Sonda fikir mübadiləsi aparılıb, “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçiriləcək sərgidə fəal iştirakla bağlı təklif və tövsiyələr səsləndirilib.

Tehsil-press.az


Oxşar xəbərlər