İnformasiya Texnologiyaları İnstitutu Azərbaycanda neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verir

İnformasiya Texnologiyaları İnstitutu Azərbaycanda neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verir AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.
AMEA-nın vitse-prezidenti, elmi müəssisənin direktoru, akademik Rasim Əliquliyev iclasda əməkdaşların 2020-ci ilin I yarısı ərzində iştirak etdiyi qrant layihələri haqqında məsələnin müzakirə olunacağını diqqətə çatdırıb.
AMEA-nın müxbir üzvü, institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev çıxış edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun maliyyələşdirdiyi “Industry 4.0 konsepsiyası əsasında neft-qaz sənayesinin kiberfiziki infrastrukturunun formalaşması və toplanmış məlumatların intellektual analizi texnologiyalarının işlənilməsi” qrant layihəsi çərçivəsində görülən işləri diqqətə çatdırıb. O bildirib ki, layihə üzrə 5 məqalə, 6 konfrans materialı çap olunub: “Hazırda bir neçə məqalə üzərində iş gedir, layihə çərçivəsində ümumilikdə 12 elmi iş nəzərdə tutulur”.
İnstitut alimlərinin elm tutumlu qrant layihələrdə uğurlu iştirakı ilə bağlı fikirlərini bölüşən akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumda Azərbaycanın neft sənayesinin inkişafı və intellektuallaşdırılmasında qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı aparılan elmi tədqiqatları yüksək qiymətləndirib.
“İnstitut IV sənaye inqilabının çağırışlarını rəhbər tutaraq ölkədə gedən intellektual proseslərdə fəal iştirak edir”, – deyən alim bu qurumda əldə olunan elmi nailiyyətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasının son dərəcə vacib olduğunu vurğulayıb: “Alimlərimiz dünya elminin tələblərinə cavab verən tədqiqatlar aparır. İnstitut əməkdaşlarının gərgin əməyinin öz layiqli qiymətini alması üçün ictimaiyyətlə əlaqələrin və təbliğat işlərinin gücləndirilməsi zəruridir”.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin fundamental tədqiqatlarla yanaşı, tətbiqi tədqiqatlara da xüsusi önəm verdiyini qeyd edən R.Əliquliyev, biliklər iqtisadiyyatının inkişafında elmin gücü və rolunun artırılmasının qarşıda duran əsas vəzifələrdən olduğunu diqqətə çatdırıb.
Akademik, həmçinin institut və neft-qaz sənayesi problemləri ilə bağlı əldə olunmuş nailiyyətlərə dair biblioqrafik broşürlər hazırlanmasını tövsiyə edib.

Tehsil-press.az

Oxşar xəbərlər