Transliterasiya sisteminin veb-saytı tezliklə istifadəyə veriləcək

Transliterasiya sisteminin veb-saytı tezliklə istifadəyə veriləcək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda şöbələrin 2020-ci il üzrə fəaliyyət planlarının müzakirəsi davam edir.
16 nömrəli şöbənin müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova cari ildə nəzərdə tutulan elmi-tədqiqat işləri barədə məlumat verib. O, Azərbaycanda terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi, veb-texnologiyaları problemləri üzrə elektron dövlət mühitində veb-resursların statistik göstəricilərinin qiymətləndirilməsi və intellektual analizi, veb-spamlarla mübarizə texnologiyaları, Azərbaycan dilinin qrafikasının ingilis dilinin qrafikası ilə transliterasiyası istiqamətində tədqiqatların davam etdiriləcəyini diqqətə çatdırıb.
Məruzəçi şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində www.transliterasiya.az saytının istifadəyə veriləcəyini, AMEA-nın www.science.gov.az rəsmi portalının, İnformasiya Texnologiyaları İnstitutunun www.ikt.az saytının, AzScienceNet EKŞ Data Mərkəzində yerləşdirilən veb-saytların texnoloji baxımdan mütəmadi olaraq dəstəkləndiyini qeyd edib. Həmçinin AMEA institut və təşkilatlarının veb-saytlarının monitorinqinin aparıldığını, tərcümə işlərinin görüldüyünü vurğulayıb.
G.Nəbibəyova şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, beynəlxalq və respublika səviyyəli elmi-texniki konfranslarda iştirakı, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan jurnallarda məqalələrin dərc edilməsi, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görüləcək işlər haqqında məlumat verib.
Fəaliyyət planına dair müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Sonda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirib, şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər