SOCAR-da Elm və Texnologiya Parkına məxsus dronlar haqqında məruzə dinlənilib

SOCAR-da Elm və Texnologiya Parkına məxsus dronlar haqqında məruzə dinlənilib SOCAR-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan Elm və Texnologiya Parkı (ETP) MMC-yə məxsus dronların təqdimatı keçirilib.
AMEA-dan Tehsil-press.az-a bildirilib ki, əvvəlcə YT Parkın direktoru Nazim Şükürov rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verib. Qeyd edib ki, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli elmtutumlu istehsalatın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması bu müəssisənin əsas məqsədləridir.
YT Park həm də elektronika, avtomatika, proqram təminatı, dronlar və digər elektron cihazların istehsalı ilə məşğul olur. ETP dünya standartlarına cavab verən yeni nəsil pilotsuz uçuş aparatlarının istehsalı işini təkmilləşdirib. Gələcəkdə bu kimi qurğuların təkmilləşdirilməsi və çoxfunksiyalı dronların istehsalı nəzərdə tutulur.
Nazim Şükürov ETP MMC-nin istehsalı olan dronların AMEA-nın elmi müəssisə və təşkilatlarında elmi-tədqiqat işlərinin aparılması məqsədilə istifadə edildiyini diqqətə çatdırıb.
Sonra YT Parkın xüsusi şöbəsinin müdiri Adil Məmmədov dronlar haqqında tədris kitabından danışıb. O, kitabda dronların daha çox yayıldığı ölkələr, bu qurğulardan istifadə qaydası və tətbiq sahələri ilə bağlı geniş məlumatların verildiyini deyib.
ETP-nin müdiri Cavid Şahmuradov dronlar haqqında təqdimatla çıxış edib. Bildirib ki, rəhbəri olduğu müəssisənin əsas məqsədi innovativ məhsullar, eləcə də yüksək texnologiyaların hazırlanması və təkmilləşdirilməsidir. Onun sözlərinə görə, dronlar qoruqlarda, mobil əlaqə vasitələrinin siqnallarının qeydə alınmasında, ərazinin xəritəsinin çəkilməsində, yerlərdə inşaat işlərinin layihələndirilməsində, müxtəlif ərazilərdə radiasiyanın və elektromaqnit şüalanmanın səviyyəsinin təyin edilməsində, axtarış-xilasetmə işlərində çətinkeçilən ərazilərə təcili tibbi ləvazimatların çatdırılması hallarında geniş istifadə imkanına malikdir.
Pilotsuz uçuş aparatları kənd təsərrüfatı sahəsində müvafiq ölçmə, analiz cihazları vasitəsilə tədqiqatlar aparmaq üçün də əhəmiyyətlidir.
Tədbirdə, həmçinin Norveç vətəndaşı Knut Rosvoldun təsis etdiyi Alternativ Enerji şirkəti olan “PROVİTAZ” haqqında məruzə dinlənilib. Təqdimatda alternativ enerji mənbəyinin müxtəlif istifadə imkanları, effektivliyi və Azərbaycanda tətbiqi nümayiş olunub.
Məruzələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.
Qeyd edək ki, dronlardan ekoloji monitorinq üçün istifadə olunur. Eyni zamanda, YT Parkın mobil laboratoriyalarından istifadə edərək ekoloji monitorinqi həyata keçirmək mümkündür.

Tehsil-press.az



Oxşar xəbərlər