Dillər Universitetinin əməkdaşları “Erasmus+” layihəsi çərçivəsində ezamiyyətdə olublar

Dillər Universitetinin əməkdaşları “Erasmus+” layihəsi çərçivəsində ezamiyyətdə olublar Azərbaycan Dillər Universitetinin (ADU) əməkdaşları - Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Fialə Abdullayeva və Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva “Erasmus+” layihəsi çərçivəsində Rumıniyanın Piteşti Universitetində müəllim mobilliyi üzrə bir həftəlik ezamiyyətdə olublar.
Universitetin əməkdaşları ezamiyyət müddətində Piteşti Universitetinin beynəlxalq münasibətlər üzrə prorektoru dosent Karina Georgesku, Beynəlxalq Əlaqələr Mərkəzinin direktoru dosent Loredana Bloju, “Erasmus+” layihəsinin koordinatoru Maria Mirolu, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Karmen Andrea Bursea, Ana Maria Nikolesku, Gürcüstan Amerika Universitetinin professoru Tamar Xatelişvili və Gürcüstan Amerika Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamara Mexuxluşvili ilə birgə dəyirmi masada iştirak ediblər.
Dosent F.Abdullayeva ADU-nun yaranma tarixi, fakültələri və struktur bölmələri, müəllim və tələbə tərkibi, ixtisasları, xüsusilə də beynəlxalq layihələri və əlaqələri haqqında məlumat verib. O, ADU–da Rumın dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib. F.Abdullayeva Mərkəzin direktoru İosefina Blazsani-Battonun universitetin bütün rəsmi və ictimai işlərində xüsusi fəallıq göstərdiyini deyib. Bildirib ki, bu fəallıq sayəsində Rumıniyanın Azərbaycandakı səfiri və səfirliyin nümayəndələri Rumın dili və mədəniyyəti mərkəzinin universitetdə keçirilən tədbirlərində yaxından iştirak ediblər.
Dosent S.Əliyeva ADU-da beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasının açılması, bu ixtisasa uyğun kafedraların yaradılması, artıq 19 region üzrə kadrlar hazırlanması və onlara öyrədilən dillərin məhz dil daşıyıcıları tərəfindən tədris edilməsi barədə məlumatlar verib. O, Azərbaycanın kifayət qədər multikultural bir ölkə olduğunu, multikulturalizmin Azərbaycanda xüsusi həyat tərzinə çevrildiyini bildirib. Son zamanlar “Azərbaycan multikulturalizmi” fənninin hətta müxtəlif ölkələrdə azərbaycanlı müəllimlər tərəfindən tədris olunduğunu da qeyd edib.
S.Əliyeva Mərkəzi və Şərqi avropaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin növbəli əsasla həmin regionun ölkələri üzrə ixtisaslaşması haqqında da məlumat verib. Bu bölməni 2021-ci ildə bitirmiş tələbələrin Rumıniya üzrə ixtisaslaşdıqlarını, onların Rumıniyanın coğrafiyasını, etnoqrafiyasını, tarixini, mədəniyyəti və incəsənətini, gender məsələlərini, ekoturizmi və digər fənlərini dərindən öyrəndiklərini, əsasən də rumın dilinə yüksək səviyyədə yiyələndiklərini vurğulayıb.
Səfər zamanı dosent F.Abdullayeva və dosent S.Əliyevanın növbəti görüşü Piteşti Universitetinin Teologiya, Ədəbiyyat, Tarix və İncəsənət fakültəsinin dekan müavini dosent Stinga Valentina, Dil, Ədəbiyyat, Tarix və İncəsənət kafedrasının müdiri dosent Dumitru Adina, fakültənin “Erasmus+” layihəsi üzrə koordinatoru Arsene-Onu Kristina, Dil və Ədəbiyyat departamentinin müəllimi Dumitresku Adela, Gürcüstan Amerika Universitetinin professoru Tamar Xatelişvili və Gürcüstan Amerika Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamara Mexuxluşvili ilə olub. Bu görüşdə tərəflər Bolonya prosesinin əsasında tərtib edilən sillabuslar, fənn materiallarının hazırlanması, interaktiv dərs metodlarının faydalarından danışıblar.
Görüşdə pandemiya şəraitində keçirilən onlayn dərslərin gedişində yaranan çətinliklər, tələbələrin dərslərə münasibəti, yaşlı müəllimlərin yeni texnologiyalardan istifadəsinin vəziyyəti kimi məsələlər müzakirə edilib.
Dosent Fialə Abdullayeva Piteşti Universitetinin ingilis dili ixtisasında təhsil alan tələbələrinə Azərbaycan tərcümə tarixindən və ənənələrindən, dahi ingilis dramaturqu Şekspirin əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsindən, respublikada müstəqilliyin bərpasından sonra tərcümənin şifahi qolunun artan rolundan, bu sahənin spesifikliyindən irəli gələn tələblərdən, tərcüməçi səriştəsinin komponentlərindən, tərcümə xidmətinin keyfiyyətinə təsir edən amillərdən, tərcüməçi hazırlığı məsələlərindən bəhs edən mühazirələr oxuyub. O, tərcümə üzrə praktik fənlərin tədrisində tanınmış siyasətçilərin nitqindən istifadədən bəhs edərkən, 44 günlük müharibə zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici və yerli televiziya kanallarına verdiyi müsahibələrə istinad edərək, dövlətimizin başçısının tarixi əhəmiyyət daşıyan nitqlərinin, eyni zamanda, dilçiliyin müxtəlif aspektləri baxımından zəngin material verdiyini vurğulayıb.
Dosent Sevdagül Əliyeva ingilis dilində “Azərbaycanda memarlıq abidələri”, “Bakının simvolu - Qız Qalası”, “Azərbaycanda Novruz adətləri”, “Azərbaycan milli rəqsləri” adlı mühazirələr oxuyub.
Qeyd edək ki, Piteşti Universitetinin tarix və incəsənət ixtisasının tələbələri və müəllimləri mühazirələri diqqətlə izləyiblər. Xüsusən “Novruz adətlərinə” həsr olunmuş təqdimatda açılmış ənənəvi Novruz süfrəsi, bayram atributları, oyunlar və sonda tələbələrin ifasında yallı rəqsi hər kəsin marağına səbəb olub.

Tehsil-press.az


Oxşar xəbərlər