BDU-nun Qazax filialında “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir

BDU-nun Qazax filialında “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir Bakı Dövlət Universitetinin (BDU) Qazax filialı rayon polis şöbəsi ilə birgə “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir keçirib.
Tədbirdə narkomaniya, törətdiyi fəsadlar və ona qarşı aparılan mübarizə tədbirləri barədə tələbələrə geniş məlumat verilib.
BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov narkomanlığın dünyanı narahat edən qlobal problemlərdən olduğunu, cəmiyyətin mənəvi, əxlaqi dəyərlərinə, sosial-iqtisadi inkişafa böyük zərbə vurduğunu, insanların sağlamlığına ciddi təhlükə yaratdığını qeyd edib.
O, narkomaniyaya qarşı mübarizə ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Qazax Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov çıxışında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən danışıb. Qeyd edilib ki, hər bir Azərbaycan vətəndaşı cəmiyyəti, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün addımlar atmalıdır. O, vətəndaşların operativ əlaqə saxlaması üçün “802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Filialın mətbuat xidmətinin rəhbəri Elçin İsmayıl cəmiyyətdə sağlam həyat tərzinin qorunmasının zəruriliyini bildirib.
Sonra tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər