BDU-da tədbir: “SABAH”ımız Siz olun

BDU-da tədbir: “SABAH”ımız Siz olun Təhsil Nazirliyinin “SABAH” İcra Komitəsinin əməkdaşları Bakı Dövlət Universitetinin (BDU) I kurs tələbələri ilə “SABAH”ımız Siz olun!” devizi altında görüş keçiriblər.
Tədbirin məqsədi ali məktəblərin I kurs tələbələrini “SABAH” qrupları haqqında məlumatlandırmaq, onları qəbul qaydaları ilə tanış etməkdir.
BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru professor Fərda İmanov tələbələrə təhsil sahəsində aparılan islahatlar haqqında məlumat verib. Qeyd edilib ki, islahatların tərkib hissəsi kimi yaradılan “SABAH” qrupları layihəsi BDU-da uğurla həyata keçirilir.
Sonra “SABAH” qrupları İcra Komitəsinin tədris işləri üzrə rəhbər müavini Eldar Qocayev çıxış edib. E.Qocayev “SABAH” qruplarının yaradılmasının məqsədi, hədəfləri, tədris prosesi, müasir tələblərə uyğun təşkili və professor-müəllim heyəti haqqında tələbələri məlumatlandırıb, “SABAH” qruplarına qəbul qaydalarını açıqlayıb. Qeyd olunub ki, “SABAH” qruplarına qəbul 3 mərhələdən ibarət olmaqla müsabiqə yolu ilə aparılır. Müsabiqədə ölkənin istənilən ali təhsil müəssisəsində yalnız tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin I kursunda əyani əsaslarla təhsil alan və orta akademik göstəricisi 61-dən yuxarı olan tələbələr iştirak edə bilərlər.
Sonda tələbələrin “SABAH” qruplarına qəbulla əlaqədar çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, “SABAH” ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni, fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.

Tehsil-press.az


Oxşar xəbərlər