“SABAH” qruplarına tələbə seçimi müsabiqəsinə başlanılıb

“SABAH” qruplarına tələbə seçimi müsabiqəsinə başlanılıb 2020-2021-ci tədris ili üzrə “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin I mərhələsinə start verilib. Növbəti tədris ilində “SABAH” qruplarında təhsil almaq arzusunda olan tələbələr elektron ərizə vasitəsilə qeydiyyatdan keçməklə müsabiqədə iştirak etməlidirlər.
Bildirilib ki, mövcud qaydalara əsasən, “SABAH” qruplarına Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə əyani formada təhsil alan, birinci tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.
Növbəti tədris ilində 10 ali təhsil müəssisəsində 32 ixtisas üzrə “SABAH” qruplarının yaradılması nəzərdə tutulub. Müsabiqənin növbəti mərhələləri haqqında ətraflı məlumat mütəmadi olaraq www.sabah.edu.az saytında yerləşdiriləcək.
Xatırladaq ki, “SABAH” qrupları 2014-2015-ci tədris ilində Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb və hazırda 11 ali təhsil müəssisəsi, 36 ixtisas, 500-dən artıq professor-müəllim heyəti, 2400-dən artıq tələbə və 2500-dən artıq məzunu əhatə edir. “SABAH” qruplarının məqsədi ali təhsildə davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün mühitin yaradılması, Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına dəstək göstərilməsi, əmək bazarının tələblərinə uyğun olaraq savadlı, bacarıqlı və hazırlıqlı mütəxəssislərin yetişdirilməsidir.

Tehsil-press.az

Oxşar xəbərlər