GEANT Assosiasiyasının nümayəndələri ilə görüş

GEANT Assosiasiyasının nümayəndələri ilə görüş Sentyabr ayında Bakıda “EaPEC 2022” (Eastern Partnership E-infrastructure Conference - Şərq Tərəfdaşlığı E-infrastruktur) beynəlxalq konfransı keçiriləcək. Konfransın təşkilində əsas məqsəd “EaPConnect” layihəsi çərçivəsində Avropa Ittifaq; və Şərq Tərəfdaşlığı ölkələrində tədqiqat və təhsil ictimaiyyətinin əlaqələndirilməsi, e-elm və e-infrastruktur məsələlərinin müzakirə olunmasıdır. Bununla əlaqədar olaraq, AMEA İnformasiya Texnologiyaları İnstitutunda “EuforDigital” (EapConnect2) layihəsinin meneceri İrina Mathev, kommunikasiya üzrə menecer Rossanna Norman, eləcə də GEANT Assosiasiyasından olan digər nümayəndələrlə növbəti görüş keçirilib.
“EaPEC 2022” beynəlxalq konfransına hazırlıq, tədbirin təşkili ilə bağlı görülmüş işlər, Şərq Tərəfdaşlığı ölkələri ilə elmi əlaqələrin möhkəmləndirilməsi və digər məsələləri müzakirə etmək görüşün əsas hədəflərindən olub.
Görüşdə akademik Rasim Əliquliyev çıxış edərək sentyabr ayında keçirilməsi nəzərdə tutulan “EaPEC 2022” konfransının Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsi məqsədini daşıdığını söyləyib.
Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu deyən akademik rəhbərlik etdiyi qurumun Avropa İttifaqı və GEANT Assosiasiyası ilə elmi münasibətlərin inkişafına xüsusi önəm verdiyini, bu kimi nüfuzlu təşkilatlarla əməkdaşlığın AMEA rəhbərliyinin də hər zaman diqqət mərkəzində olduğunu söyləyib. Alim “AzScienceNet” şəbəkəsinin Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktur olan GEANT-a 2016-cı ildən qoşulduğunu xatırladıb.
Akademik “EaPEC 2022”nin həm də Azərbaycan elmi və təhsilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından geniş imkanlar açacağına əminliyini ifadə edib: “EaPEC 2022” Azərbaycan elmi ictimaiyyətinin Avropa mühitinə inteqrasiyasını sürətləndirməklə yanaşı, azərbaycanlı alimlərə xarici həmkarları ilə birgə tədqiqatlar aparmağa, layihələr həyata keçirməyə və beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək”.
Alim GEANT-ın təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq tərəfdaşlığı ölkələrini birləşdirən “EaPConnect” layihəsinin əhəmiyyətindən də danışıb. Bildirib ki, layihə Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən elektron elm infrastrukturunun yaradılması və bu ölkələrdə fəaliyyət göstərən tədqiqat və təhsil müəssisələrində milyonlarla alim, müəllim heyəti və tələbənin yüksəksürətli, genişzolaqlı internet şəbəkəsinə asanlıqla çıxışının təmin edilməsini nəzərdə tutur.
“EapConnect” layihəsi çərçivəsində “AzScienceNet” şəbəkəsində internet sürətinin 3Gbit/san təşkil etdiyini nəzərə çatdıran institut direktoru Azərbaycanın elm və ali təhsil müəssisələrinin bu imkanlardan səmərəli istifadəsinin təmin edilməsinin vacib məsələlərdən olduğunu deyib.
R.Əliquliyev çıxışı zamanı Azərbaycan elmi ictimaiyyətinin “Springer”, “Web of Science”, “Scopus” kimi nüfuzlu beynəlxalq elmi bazalara çıxışının, müxtəlif elm sahələri üzrə keyfiyyətli kontentlərə, dərslik və məqalələrə əlçatanlığının təmin olunmasının, Avropanın elm və təhsil qurumları ilə distant təhsil imkanlarının yaradılmasının əhəmiyyətinə də diqqət çəkib. “EaPEC 2022” konfransının Azərbaycan elminin Avropanın intellektual cəmiyyətinə effektiv şəkildə inteqrasiyasının təmin olunması baxımından mühüm platforma rolunu oynayacağını vurğulayıb.
Sonra “EuforDigital” layihəsinin meneceri İrina Mathev çıxış edib. O, görüşün əhəmiyyətini önə çəkərək Azərbaycanın, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunun Avropanın elm və təhsil layihələrinə qoşulması üçün yaradılmış şəraiti yüksək qiymətləndirib. İnstitut ilə birgə əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduqlarını qeyd edən qonaq alim və tədqiqatçıları GEANT-ın layihələrində, bu qurum tərəfindən təşkil olunan konfrans, iclas və treninqlərdə fəal iştirak etməyə çağırıb. O, Şərq Tərəfdaşlığı ölkələri arasında elm, təhsil və tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan “EaPEC 2022” konfransının yüksək səviyyədə təşkilinin önəmini diqqətə çatdırıb: “Azərbaycanın elmi-tədqiqat müəssisələri, ali təhsil qurumları və müvafiq dövlət təşkilatlarının diqqətinin bu konfransa cəlb olunması son dərəcə vacibdir”.
Qonaq “EaPEC 2022” konfransının təşkili üçün lazımi dəstəyi göstərməyə hazır olduqlarını bildirib.
Görüş çərçivəsində, həmçinin “EaPEC 2022” Təşkilat Komitəsinin GEANT Assosiasiyası tərəfindən müəyyən olunmuş üzvləri, Azərbaycan tərəfindən iştirakçıların və mövzuların müəyyənləşdirilməsi, eləcə də konfransa qədər həyata keçirilməsi zəruri olan digər təşkilati və texniki xarakterli məsələlər müzakirə olunub.
Sonra qonaqlar institutun “AzScienceNet”, Təhsil-İnnovasiya, Multimedia, Elektron Kitabxana mərkəzlərinin fəaliyyəti, bu struktur bölmələrində yaradılan şəraitlə tanış olublar.

Tehsil-press.az



Oxşar xəbərlər