Azərbaycan və Hindistan arasında elmi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və Hindistan arasında elmi əməkdaşlıq məsələləri müzakirə edilib Hindistan Respublikasının ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun qonağı olub.
Görüşdə Azərbaycan və Hindistan arasında elmi əməkdaşlığın perspektivləri müzakirə edilib.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev qonaqlara AMEA-nın yaranma tarixi, strukturu, vəzifələri və funksiyaları haqqında məlumat verib. Alim daha sonra rəhbərlik etdiyi institutun əsas fəaliyyət istiqamətləri barədə ətraflı danışıb. R.Əliquliyev institutda magistratura, fəlsəfə doktoru və elmlər doktoru üzrə yüksəkixtisaslı kadrların hazırlandığını, gənc tədqiqatçıların müxtəlif aktual problemlərin həllinə yönəlmiş fundamental elmi tədqiqatlar aparmaları üçün hər cür şərait yaradıldığını qeyd edib.
Akademik R.Əliquliyev rəhbərlik etdiyi elmi qurumun beynəlxalq əməkdaşlıq münasibətlərindən də bəhs edib. Bildirib ki, institutun “AzScienceNet” şəbəkəsi Azərbaycanın elm və təhsilinin şəbəkə infrastrukturunun Avropanın elm və təhsil mühitinə inteqrasiyasını təmin edən virtual körpü rolunu oynayır.
AMEA-nın vitse-prezidenti institutda kibertəhlükəsizlik sahəsində elmi-nəzəri problemlərin həlli istiqamətində fundamental tədqiqatlar aparıldığını bildirib. O, 2021-ci ilin oktyabr ayında NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransın keçirildiyini diqqətə çatdırıb.
R.Əliquliyev bu ilin sentyabr ayında Avropa Komissiyasının dəstəyi, İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələri üçün e-infrastrukturlar” V beynəlxalq konfransının keçiriləcəyini də söyləyib. Bildirib ki, konfransda dünyanın 100-dən çox ölkəsini təmsil edən alim və mütəxəssislərin, qabaqcıl elmi mərkəzlərin nümayəndələrinin iştirakı gözlənilir.
Alim qeyd edib ki, AMEA-nın, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunun Hindistanın elmi qurumları və aparıcı alimləri ilə fundamental sahələr üzrə elmi əməkdaşlığı və müvafiq qrant layihələrində birgə iştirak da mümkündür.
Daha sonra çıxış edən səfir Bavitlunq Vanlalvavna göstərilən qonaqpərvərliyə görə institut rəhbərliyinə təşəkkür edib, bu elmi qurumun fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.
B.Vanlalvavna təmsil etdiyi ölkə ilə Azərbaycan arasında elm, təhsil və mədəniyyət sahəsindəki əməkdaşlıqdan söz açıb. O, yalnız İKT sahəsində deyil, həm də fizika, biologiya, kimya, səhiyyə, iqtisadiyyat və s. fundamental sahələr üzrə birgə tədqiqatlarda iştirakın, bu istiqamətlərdə bir sıra mühüm layihələrin həyata keçirilməsinin, yüksək səviyyəli beynəlxalq konfransların birgə təşkilinin vacibliyini vurğulayıb.
Səfir Hindistanın elmi müəssisə və təşkilatlarının Azərbaycandakı müvafiq qurumlarla yaxından əməkdaşlıq etməkdə maraqlı olduğunu söyləyib. Gələcəkdə iki ölkənin elmi müəssisələri arasında əlaqələrin davam etdirilməsi, kadr və təcrübə mübadiləsinin aparılması, azərbaycanlı alimlərin Hindistana səfərlərinin, onlar üçün müxtəlif təlim və seminarların təşkil olunmasının mümkünlüyünü diqqətə çatdırıb.
Qonaqlar, həmçinin institutun “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev qonaqlara rəhbərlik etdiyi Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib.
Görüşdə Hindistan səfirliyin ikinci katibi Acay Kumar Pandey və sosial işlər üzrə katib-tərcüməçisi Emin Əliyev, İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun baş mühəndisi Şakir Mehdiyev, eləcə də şöbə müdirləri – AMEA-nın müxbir üzvləri Məsumə Məmmədova və Ramiz Alıquliyev iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər