İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası AMEA İnformasiya Texnologiyaları İnstitutu fəaliyyətini yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq davam etdirir. İnstitutun direktoru, akademik Rasim Əliquliyevin rəhbərliyi ilə bu elmi qurumun növbəti onlayn iclası keçirilib.
İclasda bir sıra cari məsələlərə baxılıb. İlk növbədə, AMEA-nın elmi müəssisə və təşkilatlarına zəruri internet xidmətləri göstərən, eləcə də ölkəmizin elm və təhsil qurumlarının Avropanın Elm və Təhsil Şəbəkəsinə (GEANT) inteqrasiyasını təmin edən “AzScienceNet” şəbəkəsinin xüsusi karantin rejimi şəraitində fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. “AzScienceNet”in infrastrukturunun genişləndirilməsi və texniki imkanlarının artırılması ilə bağlı görüləcək işlər müəyyənləşdirilib.
Sonra GEANT təşkilatının dəstəyi ilə Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən “EaPConnect” layihəsi çərçivəsində bu ilin oktyabr ayının 10-da Bakıda keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlə - “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı” (EaPEC 2020) ilə bağlı təşkilati məsələlər müzakirə olunub. Eyni zamanda, institutda keçirilməsi ötən ildən planlaşdırılan süni intellekt problemləri və informasiya təhlükəsizliyinin aktual məsələlərinə dair elmi-praktik konfranslara hazırlıq işləri haqqında fikir mübadiləsi aparılıb, təşkilatçılar tərəfindən zəruri məlumatlar verilib.
İclasda, həmçinin xüsusi karantin rejimi müddətində institutun fəaliyyət planına daxil edilən müxtəlif elmi mövzular üzrə müvafiq əməkdaşların iştirakı ilə onlayn seminarların keçirilməsi təklif edilib. Eləcə də institutun əməkdaşlarının, doktorant və dissertantlarının elmi-tədqiqat işlərinin vəziyyəti müzakirə olunub, beynəlxalq bazalarda indeksləşən konfrans və jurnallara təqdim edilən, çapa qəbul olunan tezis və məqalələr haqqında məlumat verilib.
Daha sonra, institutun magistrantlarına distant qaydada tədris olunan dərslərin keyfiyyəti, mənimsənilmə səviyyəsi, magistrantların elmi rəhbərləri ilə onlayn rejimdə təmasları ilə bağlı məsələlər müzakirə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər