Vladimir Putin: Rusiyanın Finlandiya və İsveç ilə problemi yoxdur

Vladimir Putin: Rusiyanın Finlandiya və İsveç ilə problemi yoxdur Rusiyanın Finlandiya və İsveç ilə problemləri yoxdur, onların NATO-ya daxil olması təhlükə yaratmır, lakin cavab reaksiyası doğurur.
Bu barədə RF Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, NATO-nun yeni üzvlər hesabına genişləndirilməsinə cavab Rusiya üçün yarana biləcək təhlükədən asılı olacaq.
Finlandiya və İsveç uzun illər neytrallıqdan sonra Rusiyanın Ukraynada hərbi əməliyyatları fonunda NATO-ya daxil olmaq qərarına gəliblər. NATO-nun Baş katibi Yens Stoltenberq isə öz növbəsində Şimali Atlantika Alyansı üzvlərinin etirazı olmasa, hər iki ölkəni təşkilatın sıralarında görməkdən məmnun olacaqlarını və onlara tez bir zamanda qəbul olunmaq imkanı yaradılacağını deyib. Rusiya isə dəfələrlə bəyan edib ki, NATO qarşıdurmaya istiqamətlənib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Ankara Finlandiya və İsveçin NATO üzvlüyünə müsbət yanaşmır. Skandinaviya ölkələri terror təşkilatları, o cümlədən Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) üçün “qonaq evidir”. Həmçinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə vətəndaşlarının əksəriyyətinin bu ölkələrin NATO-ya daxil olmasını istəmədiyini və Ankaradan prosesin qarşısını almağı xahiş etdiyini bildirib. O, bu məsələni alyansdakı müttəfiqləri, eləcə də Helsinki və Stokholmla müzakirə etmək niyyətində olduqlarını vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər