Memarlıq və İnşaat Universitetində 28 May - Müstəqillik Günü münasibətilə ədəbi-bədii tədbir

Memarlıq və İnşaat Universitetində 28 May - Müstəqillik Günü münasibətilə ədəbi-bədii tədbir Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Əcnəbi dillər kafedrasının və Elektron kitabxananın təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə ədəbi-bədii tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Memarlıq fakültəsinin tələbələri Miraytac Həsənova və Əvəz Cəfərov xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş bu əlamətdar gün münasibətilə iştirakçıları təbrik ediblər. Onlar 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən söz açıb, müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan Cümhuriyyətin XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələrinin əsasını qoyduğunu vurğulayıblar.
Azərbaycan Xalq Cümhuriyyəti haqqında videoçarxın nümayişindən sonra tədbir universitetin tələbələrinin hazırladığı maraqlı kompozisiyalarla davam edib. AzMİU-nun “Ritm” rəqs qrupunun “Odlar yurdu” rəqsi ilə başlanan mərasimdə “Cavid ömrü”, “Axırıncı aşırım”, “Uzaq sahillərdə” filmlərindən səhnəciklər təqdim olunub. “Çırpınırdın Qara dəniz”, “Ay Laçın”, “Yaşa Azərbaycan” və “Qarabağ” mahnıları, “Heyratı” zərb muğamı, “Xudayar” təsnifi və “Ruhani” aşıq havası tədbir iştirakçılarının alqışları ilə qarşılanıb. Tələbələr vətənpərvərlik mövzusunda ingilis, rus, fransız və yapon dillərində şeirlər söyləyiblər. Sonda səslənən “Azərbaycan” mahnısı isə coşqu ilə qarşılanıb. Bütün iştirakçılar bir araya gəlib, üçrəngli bayraqlarımız səhnədə dalğalanıb.
Tədbirdə professor-müəllim heyəti, tələbələr, Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin başçəkmələr sektorunun müdiri Raidə Əmirbəyova, İtaliya və Böyük Britaniyadan qonaqlar iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər