Tariximizin şanlı səhifəsi

Tariximizin şanlı səhifəsi Bakı Slavyan Universitetində (BSU) Müstəqillik Gününə həsr olunmuş “Tariximizin şanlı səhifəsi” adlı tədbir keçirilib.
Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev tədbiri açaraq, xalqımızın azadlıq və müstəqillik mübarizəsinin şanlı səhifəsinə yazılmış 28 May - Müstəqillik Gününün tarixi əhəmiyyətindən bəhs edib. 104 il əvvəl olduqca gərgin, mürəkkəb və ziddiyyətli geosiyasi şəraitdə müstəqil Azərbaycan dövlətinin yaradılmasından danışan rektor Anar Nağıyev bu əlamətdar tarixi hadisənin hər bir azərbaycanlının qürur yeri olduğunu bildirib.
Rektor qeyd edib ki, böyük, şərəfli tarixə malik olan Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində zamanın yaratdığı çətinliklərdən şərəflə və üzüağ çıxıb.
Rektor deyib ki, geosiyasi reallıqların dəyişməsi nəticəsində baş verən fərqli proseslər zamanı da Azərbaycan öz tarixi kimliyini, milliliyini qorumağı bacardı. Cümhuriyyətin varisi olaraq müstəqil, yeni, qüdrətli Azərbaycan dövləti quruldu.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra ölkəmizin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyini diqqətə çatdıran rektor Anar Nağıyev bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra Azərbaycanın regionda söz sahibinə çevrilmiş, yeni geosiyasi reallıqlar yaradan lider dövlət kimi möhkəmləndiyini vurğulayıb. Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərindən söz açaraq, Prezidentin səfərləri zamanı çəkilən görüntülərə diqqət çəkib. O, bu səfərlərin xalqımızın tarix boyu keçdiyi keşməkeşlərin sonunda öz kimliyini, dövlətçiliyini qorumaq cəhdi, eyni zamanda, Azərbaycan xalqının öz tarixinə və dövlətçiliyinə sədaqətinin ifadəsi olduğunu diqqətə çatdırıb.
Gənclərin Azərbaycan dövlətinin yeni geosiyasi reallıqlar kontekstində müzəffər ölkənin vətəndaşı olmağı düzgün qiymətləndirə biləcəklərinə inamını ifadə edən Anar Nağıyev bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarına öz təbriklərini çatdırıb.
Tədbirdə Jurnalistika kafedrasının müəllimi, professor Etibar Babayev çıxış edərək, bu günün tarixi əhəmiyyətini vurğulayıb, azərbaycançılıq məfkurəsi haqqında danışıb. O, ölkəmizin müasir müstəqillik dövrünün keçdiyi inkişaf yolunda ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xüsusilə vurğulayıb. Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və müasir dünyada Azərbaycanın güclənmiş mövqeyindən, hərtərəfli inkişaf strategiyası olan müstəqil xarici siyasət yürüdən ölkə kimi tanındığını bildirib.
Sonra Etibar Babayevin müəllifi olduğu “Biz azərbaycanlıyıq ” adlı film nümayiş olunub.
Diplomatiya və xarici siyasət kafedrasının dosenti Əsgər Əhməd Xalq Cümhuriyyətinin Azərbaycan tarixində oynadığı rol və bu hadisənin tarixi əhəmiyyəti haqqında, həmin dövrün tarixi-siyasi şəraiti barədə məlumat verib.
Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik və milli dövlət kimi”, “28 May – Müstəqillik Günüdür” mövzularında məruzələr dinlənilib, vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.
Sonda tələbələrin hazırladığı musiqili kompozisiya təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər