Memarlıq və İnşaat Universitetində “Böyük qələbəmizin memarı” mövzusunda konfrans təşkil olunub

Memarlıq və İnşaat Universitetində “Böyük qələbəmizin memarı” mövzusunda konfrans təşkil olunub Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunan “Böyük qələbəmizin memarı” mövzusunda konfrans təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova kollektiv adından ölkə başçısını yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, uzun ömür, çətin və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Rektor vurğulayıb ki, Azərbaycanın XXI əsrdə qazandığı möhtəşəm uğurlar məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Hakimiyyətdə olduğu 18 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib, bütün sahələrdə parlaq nailiyyətlər əldə edilib: “Düz 1 il bundan əvvəl 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi Qələbəmiz isə bu nailiyyətlərin ən yüksək zirvəsi oldu. Bu gün Azərbaycan xalqının böyük qürur hissi ilə qeyd etdiyi Qələbəmizin baş qəhrəmanı, memarı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Xalqımız hər zaman Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi sıx birləşib. Xalq-iqtidar birliyi, güclü milli həmrəylik ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir”.
Milli Məclisin üzvü Musa Quliyev konfransın əlamətdar bir gündə keçirildiyini qeyd edib, dövlət başçısının hakimiyyətdə olduğu 18 illik tarixə qısa nəzər salıb. İlham Əliyevin həyata keçirdiyi siyasətin ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini təmin etdiyini bildirib. Vurğulayıb ki, Qarabağ uğrunda zəfər salnaməsi, tariximizin parlaq səhifəsi olan böyük Qələbəmiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin qələbə əzminin, sarsılmaz iradəsinin, qətiyyətinin təcəssümüdür.
Milli Məclisin üzvü Sadiq Qurbanov son 18 ildə Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurların Azərbaycan dövlətçiliyinin etibarlı əllərdə olmasına dəlalət etdiyinə diqqət çəkib. O diqqətə çatdırıb ki, dövlətimizin başçısının müəllifi olduğu inkişaf modeli Azərbaycan xalqını xoş gələcəyə aparan nurlu yoldur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qarşıdakı illərdə də dinamik inkişafı davam edəcək, işğaldan azad olunmuş torpaqlarımız çiçəklənəcək.
Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov Prezident İlham Əliyevin Azərbaycan gənclərini daim diqqət mərkəzində saxladığını, hər zaman bütün sahələrdə gənclərə önəm verdiyini, onları dəstəklədiyini vurğulayıb. Azərbaycan gənclərinin 44 günlük Vətən müharibəsində göstərdiyi böyük qəhrəmanlıqları xatırladan deputat Prezidentin onların Vətən uğrunda fədakarlıqlarını yüksək qiymətləndirdiyini qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər