ADU-nun tələbələri pedaqoji və istehsalat təcrübələrini uğurla başa vurublar

ADU-nun tələbələri pedaqoji və istehsalat təcrübələrini uğurla başa vurublar Azərbaycan Dillər Universitetində (ADU) 2021-2022-ci tədris ilinin pedaqoji və istehsalat təcrübələrinin yekun konfransı keçirilib.
Konfransda çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla 4-cü kurs tələbələrinin üç ay müddətində müxtəlif dövlət və özəl qurumlarda pedaqoji və istehsalat təcrübələrində uğurla iştirak etdiklərini diqqətə çatdırıb. “Bu gün sizin həyatınızda, siz tələbələrin həyat yolunda yeni bir səhifə açılır. Bu səhifə sizi parlaq gələcəyə, uğurlu iş həyatına və xoşbəxt günlərə səsləyir. Qazandığınız təcrübə bir ömür sizin yaddaşınızda qalacaq, ən xoş duyğularla xatırlanacaq. Əminəm ki, əldə etdiyiniz təcrübə sizin iş həyatınızda faydalı və məhsuldar olmağa kömək edəcək. Hər birinizi təbrik edir, ən səmimi arzularımı çatdırıram”, - deyə rektor bildirib.
Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov təcrübənin yekunlarına dair hesabatla çıxış edib. Bildirilib ki, müxtəlif dövlət və özəl qurumlarda təcrübə keçən tələbələr özlərini ən yaxşı tərəfdən göstərə biliblər, etimadı doğruldublar və məzun olacaqları universiteti layiqincə təmsil ediblər. Təcrübəçilərin göstərdikləri fəaliyyət, təşkil etdikləri görüşlər, Xocalı soyqırımına həsr olunmuş və universitetin tanıdılması istiqamətində keçirdikləri tədbirlər yüksək qiymətləndirilib.
Xarici dillərin tədrisi kafedrasının müdiri Əmralı Şirəliyev tələbələrin yüksək bilik və bacarıqlarından, təcrübə müddətində əldə etdikləri uğurlardan danışıb. Söylənilib ki, tələbələr təcrübə müddətində öz bilik və bacarıqlarını artırıb, yeni təlim və metodlarla yaxından tanış olublar. Qeyd olunub ki, təcrübə müddətindəki fəaliyyətin səmərəli və faydalı keçməsi həm də ixtisaslı kadrların müasir tələblərə uyğun formalaşdırılmasına dəstək vermiş olacaq.
ADU-nun Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Çərkəzqızı təcrübədə olan jurnalistika ixtisasının tələbələrinin təcrübə proqramı barədə məruzə edib. O, müxtəlif media qurumlarında təcrübədə olan tələbələrin əldə etdikləri bilik və bacarıqlardan danışıb. Qeyd olunub ki, təcrübəçi tələbələrin bilik və bacarıqlar peşəkarlar tərəfindən yüksək qiymətləndirilib.
Daha sonra təcrübədə iştirak etmiş müəllimlər və təcrübəçi tələbələr təşkil etdikləri tədbirlər, dərslər haqqında məlumat veriblər. Konfransda iştirak edən məktəb şagirdləri təəssüratlarını bölüşüblər.

Tehsil-press.az



Oxşar xəbərlər