BDU-nun tələbələri “166 Logistika Akademiyası”nın təcrübə proqramını uğurla başa vurublar

BDU-nun tələbələri “166 Logistika Akademiyası”nın təcrübə proqramını uğurla başa vurublar Bakı Dövlət Universitetinin (BDU) tələbə və məzunları “166 Yükdaşıma və Logistika” şirkətinin növbəti “166 Logistika Akademiyası” təcrübə proqramının məzunu olub.
Təcrübə proqramının yekun tədbirində BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva, ölkənin aparıcı universitetlərinin rəhbər şəxsləri, qonaqlar iştirak ediblər.
Üç il davam edən “166 Logistika Akademiyası” təcrübə proqramında Bakı Dövlət Universitetinin 20-yə yaxın tələbəsi və məzunları iştirak ediblər.
Təcrübə proqramına bu il də ölkənin bir sıra universitetlərinin dördüncü kurs tələbələri, məzunları və magistr pilləsində təhsil alan tələbələr qatılıblar. İştirakçılar 3 ay müddətində şirkətin müxtəlif departamentlərində praktiki, nəzəri bilik və bacarıqlar əldə ediblər.
Proqramı uğurla başa vuranlara müvafiq sertifikatlar təqdim olunub. Həmçinin vakant yerlərin sayına uyğun olaraq gənc kadrlar “166 Yükdaşıma və Logistika” şirkətində işlə təmin olunmaq imkanı əldə ediblər.
2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” təcrübə proqramına ümumilikdə 4200-dən artıq müraciət qeydə alınıb. Bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 153 nəfər akademiyaya qəbul olunub və onların əksəriyyəti hazırda “166 Yükdaşıma və Logistika” şirkətində müxtəlif departamentlərdə çalışır.

Tehsil-press.az


Oxşar xəbərlər