PEDAQOJİ TƏCRÜBƏNİN YEKUN KONFRANSI KEÇİRİLİB

PEDAQOJİ TƏCRÜBƏNİN YEKUN KONFRANSI KEÇİRİLİB Naxçıvan Dövlət Universitetində 2016-2017-ci tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin yekun konfransı keçirilib.
Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov konfransda giriş nitqi ilə çıxış edərək qeyd edib ki, pedaqoji təcrübə təhsil müddətində qazanılan nəzəri bilikləri təcrübədə möhkəmləndirməklə peşə vərdişlərinə yiyələnməyə imkan verir. Təcrübə dövründə metodistlərin, müəllimlərin və tələbələrin üzərinə böyük məsuliyyət düşdüyünü də qeyd edən rektor, universitetdə ixtisaslı pedaqoji kadr hazırlığı prosesində ali və orta ümumtəhsil müəssisələrinin müntəzəm əməkdaşlığına, dünya təhsil sisteminə inteqrasiyaya, nəzəri bilik və təcrübə mübadiləsinə xüsusi əhəmiyyət verildiyini nəzərə çatdırıb.
Universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid “Pedaqoji təcrübə dövründə görülmüş işlər” adlı məruzəsində 2016-2017-ci tədris ilində Naxçıvan Dövlət Universitetində pedaqoji təcrübələrin tədris planına, Təhsil Nazirliyinin təsdiqlədiyi təlimatlara, proqramlara uyğun şəkildə aparıldığını, pedaqoji ixtisaslarda təhsil alan tələbələrin bu müddətdə professor-müəllim heyətinin nümayəndələrinin, eləcə də tam orta məktəblərin ən təcrübəli müəllimlərinin rəhbərliyi altında nəzəri biliklərini məktəb təcrübələrində layiqincə tətbiq etdiyini diqqətə çatdırıb. Məlumat verilib ki, 2016-2017-ci tədris ilinin birinci semestrində universitetin əyani şöbəsinin 6 fakültə üzrə 17 ixtisasda 403 nəfər tələbəsi Naxçıvan şəhərindəki 15 tam orta məktəbdə və Babək rayonunun Şıxmahmud, Kərimbəyli kənd tam orta məktəblərində pedaqoji təcrübədə olub.
Təhsil Nazirliyinin əməkdaşı Mahir Babayev muxtar respublikada təhsilin inkişafına göstərilən qayğıdan, yüksək keyfiyyətli pedaqoji kadr hazırlığı işindən danışıb. Çıxışçı tələbələrə gələcək fəaliyyətlərində uğurlar diləyib.
Konfransda Ümumi tarix kafedrasının dosenti İsmayıl Zeynalov “Metodistlərin təcrübəçi tələbələrlə apardıqları işlər və hazırlanmış sənədlər” , Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Vahid Rzayev “Təcrübə dövründə pedaqogika və psixologiya üzrə görülmüş işlər” mövzusunda məruzələr ediblər.
Konfransda 2016-2017-ci tədris ilinin birinci semestrində keçirilən pedaqoji təcrübəni əks etdirən slaydlar nümayiş olunub.


PEDAQOJİ TƏCRÜBƏNİN YEKUN KONFRANSI KEÇİRİLİBPEDAQOJİ TƏCRÜBƏNİN YEKUN KONFRANSI KEÇİRİLİB

Oxşar xəbərlər