Pakistanlı alimlər Ədəbiyyat İnstitutunda

Pakistanlı alimlər Ədəbiyyat İnstitutunda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistandan gəlmiş ziyalılarla görüş olub. Pakistanlı alimlər Pəncab Universitetinin professor assistenti Faiza Bash və Lahor Universitetinin professor assistenti Almas Xanımla olan görüşdə Ədəbiyyat İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli və Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli də iştirak ediblər.
Görüşdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli qonaqlara Azərbaycan-Pakistan ədəbi əlaqələrinin inkişafı istiqamətində görülən işlər və nəzərdə tutduğu fəaliyyət planı ilə bağlı məlumat verib. Bildirib ki, hazırda Ədəbiyyat İnstitutunda Pakistan Ədəbiyyatı Mərkəzi fəaliyyət göstərir. Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar Birliyi Məhəmməd İqbalın “Seçilmiş əsərləri”ni nəşr edib. Eyni zamanda, Pakistan şairinə həsr olunmuş “Məhəmməd İqbal: Eşq və düşüncə şairi” monoqrafiyası çap olunub.
Akademik İsa Həbibbəyli deyib: “İyul ayında Azərbaycan-Pakistan əlaqələrinin 30 illiyi münasibətilə konfrans keçirəcəyik. Lahor Universitetinin rektoru və 11 nəfər heyət konfransa qatılacaq. Bu konfransda akademiyanın rəhbərliyi və Pakistanın Azərbaycandakı səfirinin iştirakı da gözlənilir. Noyabr ayında isə Pakistana getməyi nəzərdə tuturuq. Biz istərdik ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin Pakistanda təbliğinə siz də töhfə verəsiniz. Sizə bununla bağlı çap olunmuş kitablarımızı da təqdim edəcəyik. Bu kitabların Pakistanda urdu və ingilis dillərində çap olunması əlaqələrimizə daha böyük töhfə olar”.
Qonaqlar Türkiyədə altı universitetdə görüşlərinin olduğunu, Lahorda keçiriləcək konfransda Azərbaycan tərəfdən nümayəndələrin iştirakının nəzərdə tutulduğunu diqqətə çatdırıblar.
Sonra qonaqlar Pakistan Ədəbiyyatı Mərkəzi ilə yaxından tanış olublar.

Tehsil-press.az


Oxşar xəbərlər