AzMİU-da “Böyük ömrün dastanı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub

AzMİU-da “Böyük ömrün dastanı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivinin Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” adlı poeması əsasında hazırladığı eyniadlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Tədbirdə AzMİU-nun rektorluğu, professor-müəllim heyəti, ictimai təşkilatları və tələbələri iştirak ediblər.
Tamaşadan əvvəl ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımov Ulu Öndərin mənalı həyat yolundan, siyasi fəaliyyətinin əsas istiqamətlərindən, öz xalqının rifahı və dövlətinin parlaq gələcəyi naminə gördüyü işlərdən danışıb.
Kompozisiyanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur. Kompozisiyada Əməkdar artist Şükufə Musayeva, Püstəxanım Zeynalova, Nazir Rüstəmov, Xanirə İsgəndərova, Rasəf Mehdiyev və başqaları rol alıblar.

Tehsil-press.az


Oxşar xəbərlər