Təhsildə XXI əsr bacarıqları müzakirə edilib

Təhsildə XXI əsr bacarıqları müzakirə edilib “Təhsildə XXI əsr bacarıqları” adlı dəyirmi masa keçirilib. XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin təşkilatçılığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə baş tutan dəyirmi masanın məqsədi təhsildə XXI əsr bacarıqlarının əhəmiyyətini müzakirə etmək, inkişaf tendensiyalarını nəzərdən keçirmək olub.
Müzakirədə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Təhsil Nazirliyinin rəsmi şəxsləri, təhsil mütəxəssisləri, elm xadimləri, məktəb direktorları, müəllimlər iştirak ediblər.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri Fərhad Qaraşov qonaqları salamlayaraq müzakirənin əhəmiyyəti barədə danışıb. O, özəl təhsil müəssisəsi olaraq təhsilin inkişafına yönələn təşəbbüsləri hər zaman dəstəkləməyə hazır olduqlarını bildirib, mərkəz tərəfindən keçirilən “XXI əsr bacarıqları” Olimpiadasına diqqət çəkib. Olimpiadanı gələcəkdə beynəlxalq müstəviyə çıxarmaq hədəfindən bəhs edib.
Deputat Ceyhun Məmmədov belə müzakirələrin vacibliyinə toxunaraq təhsildə əsas hədəfin xoşbəxt şəxsiyyət yetişdirmək olduğunu vurğulayıb. Millət vəkili təhsildə bacarıqların formalaşması üçün məzmun, müəllim nüfuzu, dərsliklərin keyfiyyəti məsələlərinə toxunub, iştirakçılara uğurlar arzulayıb.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin icraçı direktoru Müzəffər İsmayılov, təhsil idarəçisi, olimpiada birincisi Sənan Mahmudov “XXI əsr bacarıqları” Olimpiadası barədə ətraflı məlumat verərək olimpiadanın yaradıcılıq, kommunikasiya, komanda ilə iş, tənqidi yanaşma, təşəbbüskarlıq, liderlik və digər bacarıqların qiymətləndirilməsinə fokuslandığını qeyd ediblər.
Dəyirmi masanın moderatoru, “T-Network” platformasının rəhbəri Cəfər Mənsimi PISA direktoru Andreas Şleyxerin bu yaxınlarda “T-Network” tərəfindən çap edilən “Dünya standartları: XXI əsrin təhsil sistemini necə qurmalı” kitabından sitat gətirərək müəllifin “Müasir dünya nəyi bildiyinizi yox, nəyi necə tətbiq etdiyinizi mükafatlandırır” fikrinə diqqət çəkib.
Müzakirədə çıxış edən Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov, nazirliyin şöbə müdiri Vəfa Yaqublu, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, Bakı Şəhəri Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov, "Azərbaycan məktəbi" jurnalının baş redaktoru Arzu Soltan, T-Network platformasının baş mütəxəssisi Qoşqar Məhərrəmov, məktəb direktoru Emilya Səfərəliyeva, təhsil mütəxəssisi Rasif Dünyamalıyev, Təhsil İnstitutunun şöbə müdiri Aygün Qurbanlı, pedaqoq Günay Məmmədova və digərləri belə müzakirələrin davamlı olmasının vacibliyini bildirərək qeyri-müəyyən dövrdə müstəqil öyrənmənin ən əsas bacarıqlardan biri olduğunu vurğulayıblar, xoşbəxt şəxsiyyət yetişdirməyin önəminə toxunublar.

Tehsil-press.az


Oxşar xəbərlər