“Yeni çağırışlar” onlayn müzakirə proqramında qeyri-ənənəvi təhsildən danışılıb

“Yeni çağırışlar” onlayn müzakirə proqramında qeyri-ənənəvi təhsildən danışılıb Təhsil Nazirliyinin dəstəyi və “T-NETWORK” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanıb.
Bu buraxılışda Harvard Universitetində Dəyişiklik üzrə liderlik qrupunun qurucusu, dünyaca tanınmış təhsil tədqiqatçısı, alim və yazıçı Toni Vaqner öz təcrübələrini bölüşüb. Beynəlxalq qiymətləndirmə proqramlarında qabaqcıl olan ölkələrin təhsilinin uğur təcrübəsi, təhsildə yenilik, dəyişiklik və liderlik, qeyri-ənənəvi təhsil haqqında danışılıb.
Toni Vaqner səriştə əsaslı təhsilin vacibliyini diqqətə çatdıraraq bu günün və gələcəyin əsas bacarıqlarını 7 başlıqda - tənqidi düşüncə və problem həll etmə, müxtəlif qruplarla əməkdaşlıq və onlara təsir etmə, çeviklik və adaptasiya, təşəbbüskarlıq, şifahi və yazılı ünsiyyət, məlumatın əldə edilməsi və onun təhlili, xəyal etmə və kəşf marağı istiqamətlərində təqdim edib. Alim diqqətə çatdırıb ki, sual vermək və hesabatlılıq bacarığının formalaşdırılması da təhsilin əsas məqsədini təşkil etməlidir: “Hər şeyi bilən yox, bildiyini tətbiq edən yetişdirilməlidir. Bu bacarıqlar fəal vətəndaşlığın əsas sütunudur”.
Süni intellektin təhsildə fərdiləşməni daha da inkişaf etdirəcəyini vurğulayan qonaq təhsil alanlar üçün rəqəmsal portfelin hazırlanmasının önəmini xüsusi qeyd edib.
Xatırladaq ki, Toni Vaqner “Bill & Melinda Gates” Fondunun baş məsləhətçisi olub. İyirmi ildən çox müddətdə Harvard Universitetində müxtəlif vəzifələrdə çalışıb. Qurucusu olduğu Dəyişiklik üzrə liderlik qrupuna 10 ildən çox rəhbərlik edib. Bundan əvvəl Harvard İnnovasiya Laboratoriyasında mütəxəssis işləyib.
Beynəlxalq qurumlardan əsas çıxış (keynote) üçün dəvət alan Toni Vaqner “bestseller” sayılan “Qlobal nailiyyət boşluğu”, 18 dilə tərcümə edilən “Yenilikçilərin yaradılması: dünyanı dəyişdirəcək gənclərin hazırlanması”, o cümlədən “Qəlblə öyrənmək: qeyri-ənənəvi təhsil”, “Məktəblər necə dəyişir?” kitablarının müəllifi, “Uşaqlarımızı innovasiya dövrünə hazırlamaq” kitabının isə həmmüəllifidir. Dünyaca tanınmış film prodüseri Robert Kompton ilə birlikdə “Finlandiya fenomeni: dünyanın ən təəccüblü məktəb sisteminin içində” 60 dəqiqəlik sənədli filmini çəkib.
“Yeni çağırışlar” proqramı “T-NETWORK”un koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın əvvəlki qonaqları dünyaca məşhur “Khan Academy”nin qurucusu Sal Xan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Özgür Bolat, məşhur finlandiyalı professor Pasi Sahlberq olub.

Tehsil-press.az

Oxşar xəbərlər