8 yaşlı azərbaycanlı Almaniyada erməniyə qalib gəldi

8 yaşlı azərbaycanlı Almaniyada erməniyə qalib gəldi İyunun 18-də Almaniyanın Meklenburq-Ön Pomeraniya əyalətinin Şverin şəhərində 15-ci Gənclər İdman Oyunları çərçivəsində “LJEM U8 2022” çempionatı keçirilib. Səkkiz turdan ibarət olan və İsveçrə sistemi üzrə keçirilmiş turnirin əsas məqsədi uşaqlar və gənclər arasında şahmat oyunun təşviq edilməsidir.
“LJEM U8 2022”də Almaniya, Ermənistan, Polşa, İsveçrə olmaqla müxtəlif ölkələrdən olan 12 iştirakçı birincilik uğrunda mübarizə aparıb. Yekun nəticələrə görə doğma Azərbaycanımızı təmsil edən Kamran Aslanov səkkiz yaşlılar arasında keçirilən yarışmada 6 bal toplayaraq bütün rəqiblərini geridə qoyaraq 1-ci pillədə qərarlaşaraq medal və diplomla təltif edilib.
Qeyd edək ki, gənc şahmatçı Kamran Aslanov 2014-cü ildə Bakıda anadan olub, ilk təhsilinə Azərbaycanda “Landau Preschool”da başlayıb. Hazırda Almaniyada orta təhsilini davam etdirən Kamran riyazi bilikləri ilə hər zaman yaşıdlarından fərqlənib. O, kiçik yaşlarından şahmata böyük həvəs göstərmiş, hətta şahmat fiqurları ilə heç kimin yardımı olmadan özü tanış olub. Valideynləri bu istedadını üzə çıxararaq ona hər zaman dəstək olub və bu da bilavasitə onun uğur qazanmağına təkan verib. Kamran bildirir ki, onun ən sevdiyi şahmat fiquru vəzirdir, çünki vəzir tutduğu xanadan şaquli, üfüqi və ya diaqonal xanalar üzrə hərəkət edir, hərəkətində və xanaların sayında məhdudiyyət yoxdur və beləliklə oyunda ən güclü fiqur hesab edilir.
Yarışda Kamran sadəcə bir qarşılaşmanı rəqibinə qalib gələ bilməyərək bərabər bitirsə də, sevdiyi şahmat fiquru olan vəzir və onun üstünlükləri sayəsində yarışboyu yüksək strategiya ilə oynamağa çalışmış və nəticədən də göründüyü kimi həmyaşıdları arasında birinciliyi qazanıb. Bu, həm də onun yüksək istedadının və şahmat oyunlarına hazırlıq mərhələlərində nümayiş etdirdiyi əzmkarlıq və zəhmətkeşliyin nəticəsidir.
Beləliklə, Kamranın şahmat dünyasında ilk addımları uğurlu olub. Biz də öz növbəmizdə həmyerlimizə gələcəkdə daha yüksək nəticələr qazanmasını, mötəbər turnirlərin qalibi olmasını və təhsilində müvəffəqiyyətlər əldə etməsini arzu edirik.

Tehsil-press.az


Oxşar xəbərlər