Tarix Muzeyində “Silahın mistik gözəlliyi” adlı sərgi açılıb

Tarix Muzeyində “Silahın mistik gözəlliyi” adlı sərgi açılıb AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində unikal dekorativ tərtibatlı silahlardan ibarət “Silahın mistik gözəlliyi (XVI-XIX əsrlər Azərbaycan silahı)” adlı sərgi açılıb.
Tanınmış alimlərin, mütəxəssislərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri açılış mərasimində muzeyin baş direktoru akademik Nailə Vəlixanlı çıxış edib. O bildirib ki, muzeyin zəngin, dəyərli kolleksiyasında Azərbaycan tarixinin müxtəlif səhifələrini əks etdirən silahlar xüsusi yer tutur. Silah istehsalı metalişləmənin aparıcı sahələrindən biri olub. Silahların hazırlanması el sənəti və birbaşa el ustalarının adı ilə bağlıdır. Muzeyin Silahlar və Bayraqlar fondunun əsas hissəsini təşkil edən silahlar Azərbaycanın maddi-mədəniyyət abidələri kimi milli-mənəvi dəyərlərimizi, soykökümüzü təsdiqləyən tarixi mənbədir.
Alim qeyd edib ki, sərgidə XVI-XIX əsrlər Azərbaycan silahları ilk dəfə sənətkarlıq və incəsənət nümunələri kimi təqdim edilir. Fondda saxlanılan müdafiə, soyuq və odlu silahlar Azərbaycan xalqının şanlı hərb tarixini əks etdirməklə bərabər, sənətkarlığın silahsazlıq sahəsinin yüksək inkişafını nümayiş etdirir.
Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri dosent Səbuhi Əhmədov diqqətə çatdırıb ki, təqdim olunan silahlar yalnız sənətkarlıq əsərləri deyil, həm də yüksək zövqlə hazırlanmış incəsənət nümunələri kimi təqdim olunur.
Sərgidə 300 ədəd unikal dekorativ tərtibatlı silahın nümayiş olunduğu qeyd olunub. Nümayiş etdirilən bəzi eksponatlar haqqında da ətraflı məlumat verilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professoru Nurulla Əliyev deyib ki, muzeyin silah kolleksiyası müəyyən tarixi dövrün ictimai-siyasi hadisələrini, mədəniyyətini, hərb tarixini əks etdirməklə yanaşı, xalq tətbiqi sənətinin inkişafını, dövrün silahsazlarının yüksək peşəkarlığını, onların bədii-estetik zövqünün göstəricisidir. Bu baxımdan açılış mərasimi olan silah sərgisi mühüm əhəmiyyət kəsb edir.
N.Əliyev muzeyin baş direktoru Nailə Vəlixanlıya “Azərbaycanın Vətən müharibəsində qələbəsi” və “Azərbaycanın hərb tarixi. Ən qədim dövrlərdən XVIII əsrə qədər ən mühüm hərbi-siyasi hadisələrin xronoloji xülasəsi” kitablarını hədiyyə edib.
Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar. Daha sonra onlar Pənahəli xan Cavanşirin məzar daşının bərpadan sonra ilk dəfə nümayiş olunduğu sərgiyə də baxıblar.
Sərgi sentyabrın 15-dək davam edəcək. Sərgiyə giriş pullu olacaq: böyüklər üçün 2 AZN, uşaqlar üçün 1 AZN.
Sərgidə peşəkar foto və videoçəkiliş ödənişlidir.

Tehsil-press.az

Oxşar xəbərlər