Səudiyyə Ərəbistanı və ABŞ arasında Birgə Kommünike imzalanıb

Səudiyyə Ərəbistanı və ABŞ arasında Birgə Kommünike imzalanıb Ciddədə ABŞ Prezidenti Cozef Bayden və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında geniş tərkibdə keçirilən görüşün yekununa dair Birgə Kommünike imzalanıb.
Sənəddə iki ölkə arasında təhlükəsizlik və müdafiə, texnologiya kompaniyalarının əməkdaşlığı, kibertəhlükəsizlik, kosmik tədqiqatlar, qlobal enerji sabitliyi, o cümlədən bərpaolunan enerji sahələri üzrə yeni layihələrin həyata keçirilməsi məsələləri əks olunub.
Beynəlxalq və regional məsələlərlə bağlı məsələlərdə də hər iki dövlətin ortaq mövqeyi ifadə edilib. Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatların Ukraynadakı müharibə ilə bağlı BMT Baş Assambleyasının bu il martın 2-də qəbul etdiyi və dövlətlərin ərazi bütövlüyü və suverenliyinin vacibliyini vurğulayan qətnaməyə sadiq olduqları qeyd edilib. Tərəflər, həmçinin Yəməndə sülhün bərqərar olması, Fələstin probleminin “iki dövlət” prinsipi əsasında nizama salınması, Suriyanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi, Livanda terrorçulara və ekstremistlərə qarşı mübarizənin dəstəklənməsi, habelə bu ölkədə siyasi-iqtisadi böhrana son qoyulması, Sudanda xaosun və böhranın başa çatması, Liviyada konsensusa nail olunması və ümumxalq seçkilərinin keçirilməsi məsələlərində əməkdaşlıq edəcəklərini vurğulayıblar.
ABŞ, həmçinin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Terrorçuların Maliyyələşdirilməsinə Qarşı Mübarizə Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, İŞİD və “Əl Qaidə” terror təşkilatları ilə birgə mübarizənin davam edəcəyini vurğulayıb.

Tehsil-press.az



Oxşar xəbərlər