Qazilərimizin intiharını necə dayandırmalı?

Qazilərimizin intiharını necə dayandırmalı? 44 günlük Vətən müharibəsində iştirak edən hər bir kəs vətənin və millətin namusunu ləkələtməmək üçün can verməyə, şəhid olmağa hazır idi. Bu müqəddəs yolda bir çox vətən övladı mənfur, işğalçı düşmənin gülləsinə tuş gəldi.
Bəziləri də bu Vətən yolunda əllərini, gözlərini, qollarını itirərək qazi oldu. Onlar ən dəyərli xəzinələrini - sağlamlıqlarını itirdilər. Bu gün hər kəsin borcudur ki, bu əziz vətən oğullarını xatırlasın, diqqətdə saxlasın. Xalqımız qəhrəman qazilərimizə yüksək dəyər verir. Ancaq son zamanlar eşitdiyimiz qazi intiharı xəbərləri bizi dərindən sarsır, kədərləndirir. Təbii ki, bunun müəyyən psixoloji səbəbləri var.
Bəs, bu kimi halların olmaması üçün nə etməli, hansı işlər həyata keçirilməlidir?
Bu barədə Modern.az-a danışan psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev bildirib ki, müharibədən sonra iştirakçıların və qazilərin cəmiyyətə adaptasiyası olduqca vacibdir:
“Çünki müharibədə olan hadisələr qazilərdə müəyyən psixoloji problemlərə səbəb olur. Xüsusən də, onların müharibədən 1 ay, 6 ay müddət keçdikdən sonra aldıqları travmalar posttravmatik stress formasında özünü göstərməyə başlayır. Buna görə də, müharibədə iştirak etmiş hər bir qazi cəmiyyətə adaptasiya edilməlidir. Xoşagəlməz halların qarşısını almaq üçün müharibə iştirakçılarına, qazilərə peşəkar psixoloji yardımlar göstərilməlidir. Bu olmadıqda problemlər daha da böyüyür. Bu səbəblə də, qazilərlə xüsusi psixoloq qrupunun işləməsi, treyninqlərin keçirilməsi olduqca vacibdir. Son baş verən hadisələr də mühüm addımların atılmasının necə vacib olduğunu göstərir”.
Onun sözlərinə görə, dövlət, hökumət bu sahədə mühüm işlər görür:
“Amma bununla yanaşı Qeyri-Hökumət Təşkilatları, psixoloqlar, sosioloqlar da məhz bu milli məsələni aradan qaldırmaq üçün birgə iş ortaya qoymalıdır. Müharibə iştirakçıları və qazilərə, hətta onların ailə üzvlərinə də psixoloji yardım göstərilməlidir. Bu, baş göstərən xoşagəlməz halların qarşısını almağa yardım edəcək”.

Tehsil-press.az



Oxşar xəbərlər