“Proline Chemicals” şirkəti YT Parkda məhsulların istehsalına başlayıb

“Proline Chemicals” şirkəti YT Parkda məhsulların istehsalına başlayıb “Proline Chemicals” MMC-nin AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) istehsal sahəsi hazırlanıb və məhsulların istehsalına başlanılıb.
“Proline Chemicals”də məhsulların hazırlanmasında dünyanın aparıcı istehsalçılarının keyfiyyətli xammallarından istifadə olunur. MMC-də istehsal prosesi beynəlxalq standartlar və xarici təcrübə əsasında həyata keçirilir. Müəssisənin sərəncamında olan avadanlıq ay ərzində 50 ton məhsul istehsal edib, qablaşdırıb, etiketləyib və qutulara dolduraraq satışa hazır vəziyyətə gətirməyə imkan verir. İstehsal olunan məhsullar bioloji parçalanandır, istehsal prosesi tullantısız, ekoloji cəhətdən zərərsizdir. Yeni məhsullar istehsal edildikcə müvafiq olaraq, yeni metodikalar meydana gəlir. Yeni texnologiyalara və məhsullara tələbat yaranır.
Yaxın 6 ay ərzində yeni avadanlığın alınması, yeni qablaşmalar üçün pres-formaların, etiketlərin, karton qutuların dizayn edilməsi və hazırlanması, yeni xammal növlərinin alınması, digər dövriyyə vəsaitlərinin artırılması və əlavə işçilərin cəlb olunma prosesinin başlanması, bir neçə innovativ məhsulun satışa çıxarılması nəzərdə tutulur.
Qeyd edək ki, 2020-ci ildə əsası qoyulmuş “Proline Chemicals” MMC mikro və makro silikon emulsiyalarından istifadə olunmaqla müxtəlif bərk səthlər üzərində nanohissəciklərdən ibarət hidrofob və antistatik qoruyucu təbəqə yaradan vasitələrin istehsalı ilə məşğul olur. Müəssisədə avtomobil texniki mayeləri, qulluq vasitələri və kosmetikası, sənaye kimyəvi vasitələri, məişət kimyası üçün yüksəkkeyfiyyətli yuyucu və təmizləyici vasitələr, hotel biznesi və çamaşırxanalar üçün yuyucu, təmizləyici və dezinfeksiyaedici vasitələr istehsal edilir.
“Proline Chemicals” 2021-ci ilin avqust ayında “Hidrofob və antistatik qoruyucu təbəqə yaradan vasitələrin istehsalı” layihəsi üzrə AMEA YTP-nin rezidenti kimi qeydiyyata alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər