AMEA-nın Yüksək Texnologiyalar Parkında yeni istehsal müəssisələrinin təməli qoyulub

AMEA-nın Yüksək Texnologiyalar Parkında yeni istehsal müəssisələrinin təməli qoyulub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurası tərəfindən təsdiq edilən layihələr əsasında yeni istehsal müəssisələrinin tikintisinə başlanılıb.
Tikinti ilə əlaqədar keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə uzunmüddətli səmərəli fəaliyyət nəticəsində YT Parkda altıya yaxın rezidentin fəaliyyətə başladığını qeyd edib. AMEA-nın bilik iqtisadiyyatının qurulması istiqamətindəki fəaliyyətindən söz açan akademik burada innovasiya fəaliyyətinin effektiv mexanizm əsasında aparılması sahəsində dünya təcrübəsinin tətbiq edildiyini bildirib. Bu məqsədlə islahatların davam etdirildiyini deyən A.Əlizadə elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, texnoloji, elmtutumlu milli məhsulların istehsalı və intellektual biznesin formalaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.
Sonra AMEA-nın İşlər İdarəsinin rəisi, siyasi elmlər doktoru Fətəli Abdullayev bildirib ki, son zamanlar YT Parkda kənd təsərrüfatı, müdafiə təyinatlı sahələr və digər istiqamətlərdə bir sıra mühüm layihələr həyata keçirilib. Yaxın vaxtlarda isə bir sıra məhsulların bazara çıxarılması nəzərdə tutulur.
Tədbirdə çıxış edən Bolqarıstanın ölkəmizdəki səfiri vəzifəsini icra edən Yanko Yanakiev iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulduğunu vurğulayaraq bütün istiqamətlərdə birgə fəaliyyətin səmərəli olacağına əminliyini ifadə edib.
“EPC Group” MMC-nin prezidenti Reza Vəziri elm və istehsalatın birgə tətbiqinin elmi araşdırmaların bazarın tələbatına uyğunlaşdırılması baxımından əhəmiyyətli olduğunu deyib, bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərə nailiyyətlər arzulayıb.
Bolqarıstanın “Monbat” şirkətinin baş icraçı direktoru Atanas Bobokov, Bolqarıstan-Azərbaycan Ticarət Palatasının sədri Dimitar Bratanov və “İFS Group” həmtəsisçisi Ramin Əhmədov birgə fəaliyyətin hər iki ölkənin elm və iqtisadiyyatı üçün uğurlu olacağını bildiriblər.
Türkiyənin “Euromet” şirkətinin rəhbəri Recai Çoşkun texnoparkda tikintisinə başlanılan yeni nəsil ultrasəsli elektron xəbərləşməli su sayğacları və mərkəzi idarəetmə sistemləri zavodu barədə məlumat verib. Bildirib ki, burada dünya standartlarına cavab verən yeni nəsil su sayğaclarının istehsalı nəzərdə tutulur.
Sonra Yüksək Texnologiyalar Parkında yeni rezidentlik statusu alan hüquqi layihələrə şəhadətnamələr təqdim edilib.
Sonda “Zirehli jilet” istehsalı və yeni nəsil ultrasəsli elektron xəbərləşməli su sayğacları və mərkəzi idarəetmə sistemləri müəssisələrinin, istixanalar istehsal edən mexaniki zavodun və qurğuşun turşulu akkumulyatorların istehsalı kompleksinin təməlqoyma mərasimi keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər