Azərbaycan Dillər Universitetində Çinin tarixi ilə bağlı mühazirə dinlənilib

Azərbaycan Dillər Universitetində Çinin tarixi ilə bağlı mühazirə dinlənilib Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Çin: cəmiyyət və mədəniyyət” yay onlayn mühazirə çərçivəsində “Tayvanın qədim dövrlərdən bu günə qədər tarixi” mövzusunda mühazirə ilə çıxış edib.
Mühazirə zamanı R.Abbasov qeyd edib ki, qədim dövrlərdən etibarən avstroneziya tayfalarından olan qaoşanların məskunlaşdığı Tayvan adasının müasir adına mənbələrdə 1599-cu ildən etibarən rast gəlinir. Şərqi Xan və San Quo dövrünə aid qədim Çin salnamələrində ilkin mərhələdə Yizhou adlanan ada sonradan Sui dövründə Liusyu kimi xatırlanmaqdadır.
R.Abbasov mənbələrə əsaslanmaqla onu da bildirib ki, Çinin Tayvana ilk ekspedisiyaları hələ 230-cu və 610-cu illərdə baş tutub, artıq XII əsrdə Tayvan rəsmi olaraq Futszyan əyalətinin tərkibinə daxil olub. Bu səbəbdən XII əsrdə Futszyan əyalətinin hissəsi kimi Çinin tərkibinə daxil edilib. 1360-cı ildə adanın strateji əhəmiyyətinin artması səbəbindən Çin əyalətlərindən adaya immiqrant axını müşahidə olunurdu. O dövrdə kənd təsərrüfatının və sənətkarlığın inkişafı ilə əlaqədar Tayvanda ilk Çin yerli hökuməti yaradılıb.
Mühazirəçi Tayvanın tarixində XVI əsrin sonu - XVII əsrin əvvəllərini xarici işğalçıların Tayvanı işğal etməyə başladığı müstəmləkəçilik dövrü kimi xarakterizə edib. İlkin mərhələdə bunlar yapon feodalları və dəniz quldurları olub, sonradan 1622-ci ildə ada Tayvan boğazında Penqhu adasında ticarət bazası yaradan hollandların müstəmləkəsinə keçib. 1626-cı ildə isə İspaniya öz döyüş gəmilərini Tayvana göndərərək adanın qərb və şimal sahillərini İspaniya imperiyasının müstəmləkəsinə çevirib.
Qeyd olunub ki, adada müstəmləkəçilik mərhələsi müstəqil Dunnin dövlətini yaratmış, onu mancurlara qarşı mübarizədə müdafiə qalasına çevirməyi bacarmış Çjen Çenqunqun rəhbərliyi altında Çin ordusunun Tayvana yürüşü ilə başa çatıb. Beləliklə, Çində Min sülaləsi devrilib və Sin sülaləsi meydana çıxıb. Sin sülaləsi dövründə Tayvan 1684-cü ildə Futszyan əyalətinin tərkibinə daxil edilib. 1874-cü ildə Mudan hadisəsindən istifadə edən Yaponiya qoşunları adanın cənubunu işğal edib və yalnız çinlilər tərəfindən təzminat ödənilməsi müqabilində oranı tərk edib. 1887-ci ildə Fransa-Çin müharibəsinin sonunda Tayvan artıq Çinin müstəqil əyalətinə çevrilib. 1894-1895-ci illərdə Çin-Yapon müharibəsindəki məğlubiyyət nəticəsində Şimonoseki müqaviləsinə əsasən Sin imperiyası Tayvanı Yaponiyaya təslim etmək məcburiyyətində qalıb. Lakin Tayvan bu müqaviləni qəbul etməyib və Tayvan Respublikasının yaradılmasını elan edib. Az keçmədən Tayvan Yapon qoşunlarının hücumuna məruz qalıb.
Mühazirəçi bildirib ki, Yaponiya tərəfindən adanın işğalı dövründə, yəni 1945-ci ilə qədər davam edən bir dövrdə Tayvanda antiyapon hərəkatı genişlənib, Çində Tayvanın Çinə birləşdirilməsi və Sinhay antimonarxist inqilabı ilə bağlı kifayət qədər üsyanlar baş verib. İkinci Dünya müharibəsində Yaponiyanın məğlub olması ilə Tayvan adası Çin Respublikasının tərkibinə daxil olub. 1943-cü ildə Çin, ABŞ və Böyük Britaniya Yaponiyanın Çindən almış olduğu bütün ərazilərin, o cümlədən Şimal-Şərqi Çin, Tayvan adası və Penqhu adalarının Çinə qaytarılmasını nəzərdə tutan “Qahirə Bəyannaməsi”ni imzalayıb. 1946-1949-cu illərdə materikdə baş vermiş vətəndaş müharibəsi zamanı Çin Kommunist Partiyası tərəfindən məğlub edilən Çan Kayşinin rəhbərlik etdiyi Qomindan tərəfdarları Tayvana və Tayvan körfəzindəki bir sıra adalara qaçıblar. Beləliklə, 1949-cu il oktyabrın 1-də Çin Xalq Respublikası elan edilib.
1971-ci il oktyabrın 25-də BMT Baş Assambleyasının sessiyasında Çin Respublikasının BMT-dən çıxarılması və bu təşkilatın bütün orqanlarının, o cümlədən Təhlükəsizlik Şurası nümayəndəliyinin Çin Xalq Respublikasına verilməsi haqqında qətnamə qəbul edilib.
R.Abbasov vurğulayıb ki, 1988-ci ildə Çin Xalq Respublikası Çinin görkəmli siyasi xadimi Den Syaopinin irəli sürdüyü “Bir ölkə - iki sistem” prinsipi əsasında Tayvanla dinc birləşmə kursu elan olunub, bu, həm də ÇXR ərazisində Tayvanın xüsusi inzibati rayon kimi yüksək dərəcədə özünüidarəetmə hüququnu və bölünməzliyini şərtləndirirdi. “Bir ölkə, iki sistem” prinsipinin məqsədi dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumaq, ÇXR-in təhlükəsizliyini təmin etmək və Tayvanın hərtərəfli inkişafı, ardınca isə Makao ilə Honqonq olduğu kimi dinc birləşmə üçün şərait yaratmaqdır. “Bir ölkə - iki sistem” prinsipi həm də Çinin materikdə sosializm sisteminin qorunmasını və Tayvanda köhnə siyasi sistemin hələ uzun müddət saxlanılmasını nəzərdə tutur. Bu prinsip Tayvan məsələsinin həllinin 1998-ci ildə başlanmış siyasi dialoq əsasında Çinin daxili işi olduğunu müəyyən edir. Burada qeyd olunur ki, heç bir müdaxilə və ya xarici qüvvələrin köməyi olmadan problemi çinlilərin özləri həll etməlidir.
Diqqətə çatdırılıb ki, vahid Çin prinsipi beynəlxalq münasibətlərin hamılıqla qəbul edilmiş fundamental normalarını və beynəlxalq birliyin ümumi konsensusuna müvafiq ÇXR-in əsas milli maraqlarını nəzərdə tutur, həmçinin Çin ilə dünyanın digər ölkələri arasında qırmızı xətti keçməməklə əlaqələrin siyasi əsasını təşkil edir.

Tehsil-press.az

Oxşar xəbərlər