Dillər Universitetində İpək Yolunda partiyalararası dialoq mövzusunda mühazirə oxunub

Dillər Universitetində İpək Yolunda partiyalararası dialoq mövzusunda mühazirə oxunub “Çin: cəmiyyət və mədəniyyət” adlı onlayn yay lektoriyası çərçivəsində Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Çin Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası: İpək Yolunda partiyalararası dialoq” mövzusunda mühazirə oxuyub.
Mühazirə Çin Kommunist Partiyasının (ÇKP) yaranmasının 101-ci ildönümünə və Çin-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 30 illik yubileyinə həsr olunub.
Rafiq Abbasov qeyd edib ki, ÇKP və Yeni Azərbaycan Partiyası arasında siyasi əməkdaşlıq çərçivəsində partiya nümayəndələrinin qarşılıqlı görüşləri təşkil olunur, dövlət və ictimai idarəetmə sahəsində, həmçinin siyasi-ideoloji sahədə təcrübə mübadiləsi aparılır, hər iki hakim partiya həm Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının fəaliyyətində, həm də “İpək Yolu İqtisadi Zolağı” proqramının həyata keçirilməsində fəal iştirak edir və tərəflərin milli maraqları nəzərə alınmaqla müstəsna əhəmiyyət kəsb edən məsələlərdə qarşılıqlı dəstək göstərilir.
O, Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əməkdaşlığın tarixindən, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi nümayəndə heyətinin 1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında iştirakından danışıb və ümummilli lider Heydər Əliyevin nümayəndələrlə görüşünü xatırladıb.
R.Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Çinə işgüzar səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ikinci beynəlxalq forumda iştirak etmək üçün keçirdiyi görüşünü xatırladaraq, Çin Kommunist Partiyasının da Yeni Azərbaycan Partiyası ilə əlaqələrini fəallaşdırmağa, dövlət idarəetmə təcrübəsini bölüşməyə, iki ölkə arasında qarşılıqlı etimadı gücləndirməyə hazır olduğunu vurğulayıb. R.Abbasov, həmçinin ADU-nun Konfutsi İnstitutunun Azərbaycan-Çin siyasi dialoqunun inkişafına verdiyi töhfələrdən, eləcə də Çin Xalq Respublikasının Sədri Si Cinpin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət Azərbaycan dilində materiallar toplusu barədə danışıb. R.Abbasov söyləyib ki, Si Cinpinin dövlətin idarə edilməsi haqqında fikirlərindən ibarət olan bu kitab Azərbaycan ictimaiyyətinə Çin liderinin siyasi fəlsəfəsini, bu ölkənin daxili və xarici siyasətinin əsas strateji istiqamətlərini daha yaxşı öyrənmək, eləcə də “Çin arzuları” konsepsiyası və Böyük İpək Yolunun bərpasına yönəldilmiş “Bir kəmər, bir yol” layihəsi ilə tanışlıq imkanı verəcək. O, həmçinin Azərbaycan-Çin siyasi əməkdaşlığının və partiyalararası dialoqun uğurlu inkişafından, partiya nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən, Azərbaycan və Çinin iki hakim partiyasının iqtisadi siyasətindən, “Böyük İpək Yolunun iqtisadi kəməri” proqramının reallaşdırılmasında iştirakından da danışıb.

Tehsil-press.az



Oxşar xəbərlər