“Meari” tropik qasırğası Yaponiyanın mərkəzi hissəsinə yaxınlaşır

“Meari” tropik qasırğası Yaponiyanın mərkəzi hissəsinə yaxınlaşır “Meari” tropik qasırğasının Yaponiyanın mərkəzi hissəsində yerləşən Tokay və Kanto regionlarına yaxınlaşacağı gözlənilir.
Hakimiyyət orqanları baş verə biləcək torpaq sürüşmələri, yüksək dalğalar, çayların daşması barədə xəbərdar ediblər. Bildirilir ki, Tokay regionuna daxil olan Şizuoka prefekturasında gözlənilən güclü yağışlar təbii fəlakətlər riskini artırır. Qasırğanın yaxınlaşdıqca öz gücünü daha çox göstərəcəyi barədə xəbərdarlıq edilib. Mərkəzi hissəsində küləyin saniyədə 20 metr sürətlə əsdiyi qasırğanın saatda 20 kilometr irəlilədiyi qeyd edilir.
Şizuoka prefekturasının bəzi rayonlarında son sutka ərzində 200 millimetrdən çox yağıntı düşdüyü bildirilir. Prefekturanın dağlıq ərazilərində yaşayan 70 minədək sakinə təxliyə xəbərdarlığı göndərilib. Tokay, Kanto və Koşin regionlarında saatda 80 millimetrədək yağıntı düşəcəyi gözlənilir.
Qasırğa aviareyslərin hərəkətində də problemlər yaradıb. “All Nippon Airways” (ANA) şirkətinin yaydığı məlumata görə, şənbə günü Şizuoka prefekturasına və Haçico adasına uçmalı olan 10-dək reys təxirə salınıb. Həmçinin, Tokionun “Haneda” aeroportundan uçan təyyarələrin də hərəkətində fasilələr yaranacağı gözlənilir. Tokio körfəzində Kanaqava və Çiba sahilləri arasında hərəkət edən bərənin hərəkəti dayandırılıb. Günün ikinci yarısında bir sıra dəmir yollarında və sürətli şoselərdə hərəkətin dayandırılacağı barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, güclü yağışlar Yaponiyanın şimal hissəsində də davam edir. Hakimiyyət orqanları bununla bağlı Akita prefekturasında xəbərdarlıq yayıblar. Həmçinin, Aomori və İvate prefekturalarında yerli sakinlərə torpaq sürüşmələri barədə xəbərdarlıq göndərilib.

Tehsil-press.az



Oxşar xəbərlər