Azərbaycanlı təhsil işçiləri “Təhsildə beynəlxalq uğur: Estoniya və Finlandiya təcrübə proqramı II”də iştirak ediblər

Azərbaycanlı təhsil işçiləri “Təhsildə beynəlxalq uğur: Estoniya və Finlandiya təcrübə proqramı II”də iştirak ediblər Avqustun 26-dan sentyabrın 1-dək “Təhsildə beynəlxalq uğur: Estoniya və Finlandiya təcrübə proqramı II” baş tutub. Proqram Estoniyanın Karyera Təhsil Akademiyası və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil İnstitutunun tərəfdaşlığı ilə reallaşıb. Proqramda Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva olmaq üzrə bir qrup azərbaycanlı təhsil işçisi, məktəb direktoru, Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşları iştirak ediblər.
T-network platformasının rəhbəri, layihənin rəhbərlərindən biri Cəfər Mənsiminin verdiyi məlumata görə, təhsil səfəri çərçivəsində nümayəndə heyəti Estoniyadan layihə rəhbərləri Sənəm Əliyeva, Kadir Tanış, Azərbaycandan Qoşqar Məhərrəmovun müşayiətilə Estoniya və Finlandiyanın tanınmış orta və ali təhsil müəssisələrində müxtəlif təlimlərdə iştirak ediblər.
Tallinn Universitetinin müəllimi Sevda Özden “Tədris mühitinin təşkili”, Estoniyanın PISA üzrə koordinatoru, Tallinn Universitetinin müəllimi İmbi Henno “Estoniyanın PISA təcrübəsi”, Helsinki Universitetinin Təhsil elmləri fakültəsinin dekan müavini professor Arto Kallioinemi “Finlandiyada müəllim hazırlığı”, Estoniya Təhsil Nazirliyinin Təhsil və Gənclər departamentinin direktoru Jaak Raie, şöbə müdiri Eva Toome “Tədrisdə qiymətləndirmə” və “İnnovativ təhsil”, təhsil mütəxəssisi, yazıçı, müəllim Ketri Kivirüüt “Yeni nəsil üçün təhsil”, pedaqoq və psixoloq Yelena Parfyonova “Təhsildə psixoloji mühit” mövzusunda təqdimatla çıxış ediblər.
Azərbaycanlı təhsil işçiləri, həmçinin Estoniya Parlamentində Mədəniyyət və təhsil komissiyasının üzvü, deputat Marko Sırin ilə görüşüblər. Azərbaycanlı nümayəndə heyətini Tallinn şəhəri Təhsil İdarəsinin müdiri Kaarel Rundu, Tartu şəhəri Təhsil şöbəsinin müdiri Riho Raave qəbul edərək şəhər təhsil strategiyası barədə məlumatları bölüşüblər.
Proqram iştirakçıları Tallinn və Tartu şəhərlərinin İcra hakimiyyətlərinin təhsil işləri üzrə müavinləri Vadim Belobrovtsev və Lemmit Kaplinksi ilə görüşdə isə şəhərin təhsilə dəstəyi mövzusunda məlumatlar əldə ediblər. Onlar Azərbaycandan gələn ilk nümayəndə heyətini qarşıladıqlarını xüsusi vurğulayaraq təcrübə mübadiləsinin əhəmiyyətini qeyd ediblər.
Proqram iştirakçıları Helsinki, Tartu, Tallinn universitetlərində, eləcə də Finlandiyanın Jatkasaari, Estoniyanın Tartu şəhər Forseliuse məktəbi ilə tanış olaraq rəhbərliklə görüşüblər. Görüşlərdə məktəblərdə tədrisin təşkili, məktəbin səmərəli idarə olunması, istedadlı uşaqlarla iş, valideynlərlə əməkdaşlıq, məktəb mühitinin təşkili, gələcəyin məktəb modelləri və digər təcrübələrlə tanış olublar.
Təcrübə mübadiləsinin səmərəli keçdiyini bildirən təhsil işçiləri görüşlərdə mədəniyyəti təbliğ edən müxtəlif hədiyyələr, o cümlədən ölkəmizlə bağlı neftlə çəkilmiş rəsmlər hədiyyə ediblər.
Yekunda iştirakçılara sertifikatlar təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər