BDU-da Türkiyə nümayəndə heyəti ilə görüş olub

BDU-da Türkiyə nümayəndə heyəti ilə görüş olub Bakı Dövlət Universitetində (BDU) Türkiyə Respublikasının Kocaeli vilayətindən millət vəkili Cemil Yaman, Gebze bələdiyyəsinin rəhbəri Zinnur Böyükgöz və Bələdiyyə Məclisinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş olub.
Görüşdə universitetin rektoru Elçin Babayev Azərbaycanın ilk və ən böyük ali məktəbi olan BDU haqqında məlumat verib. Qeyd edilib ki, sentyabrın 1-də 103 yaşını qeyd edən universitet son illər beynəlxalq əlaqələrini genişləndirir, xüsusilə qardaş Türkiyə universitetləri ilə əməkdaşlıq böyük önəm daşıyır. “Azərbaycan və Türkiyə prezidentlərinin ölkələrimizin mənafeyi naminə gördükləri işlər öz bəhrəsini verir. Bu işlər hər birimiz üçün örnəkdir. İki ölkənin müxtəlif qurumları, o cümlədən təhsil sahəsində əlaqələrin gücləndirilməsi dostluq və qardaşlığımızı daha da möhkəmləndirməyə xidmət edir”, - deyə rektor bildirib.
Türkiyə Böyük Millət Məclisinin üzvü Cemil Yaman, Gebze bələdiyyəsinin başqanı Zinnur Böyükgöz çıxışlarında özlərini vətənlərində hiss etdiklərini, Azərbaycanın Vətən müharibəsi zamanı qazandığı Böyük Zəfərin Türkiyə üçün də böyük qürur olduğunu vurğulayıblar. Çıxışlarda, eyni zamanda, iki qardaş ölkənin gələcəyinin çox uğurlu olacağı, bu istiqamətdə elm və təhsil müəssisələrinin üzərinə xüsusi vəzifə düşdüyü diqqətə çatdırılıb.
Görüşdə BDU ilə Türkiyənin əsas sənaye və texnoloji mərkəzlərindən olan Kocaelidəki universitetlər arasında əlaqələrin möhkəmləndirilməsi müzakirə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər