Azərbaycan Texniki Universiteti AKTA ilə kibertəhlükəsizlik sahəsində yeni layihəyə başladı

Azərbaycan Texniki Universiteti AKTA ilə kibertəhlükəsizlik sahəsində yeni layihəyə başladı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və Azərbaycan Texniki Universiteti (AZTU) kibertəhsil sahəsində aparılan siyasətin dəstəklənməsi məqsədilə Kibertəhlükəsizlik İnstitutunun formalaşdırılması və Kibertəhlükəsizlik kafedrasının yaradılmasına nail olub. İnstitut informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində müxtəlif ixtisasların təşkili istiqamətində yeni tədris ilindən fəaliyyətə başlayır.
AKTA ilə birgə AzTU-nun kampusunda Kibertəhlükəsizlik İnstitutunun və kafedrasının formalaşdırılması müəllim və tələbə heyətinin tamamilə yeni tədris və elmi araşdırma mühitində fəaliyyətinə imkan yaradır. İqtisadiyyatın müxtəlif sahələrində ehtiyac duyulan yüksək kvalifikasiyalı kadr potensialının təşkilinə hesablanmış layihədə AzTU ilə yanaşı, digər universitetlərlə də kollaborativ əməkdaşlığın qurulması planlaşdırılıb. Kibertəhlükəsizlik sahəsində müəllim və akademik potensialın gücləndirilməsi məqsədilə sənayedə fəaliyyət göstərən aparıcı mütəxəssislərin layihəyə cəlb olunması nəzərdə tutulur. Həmçinin tədris proqramlarının Elm və Təhsil Nazirliyinin və sənayenin tələblərinə uyğun təşkilinə imkan yaradılır.
Layihədə aparıcı texnologiya istehsalçıları ilə birgə təcrübə mərkəzlərinin qurulması, təcrübə mübadiləsi aparılması kibertəhsilin diversifikasiyası imkanlarını daha da gücləndirir. Layihə çərçivəsində təşkil olunan virtual tədris və təcrübə imkanları sayəsində tələbələr sanayenin aparıcı mütəxəssislərinin, o cümlədən qabaqcıl texnologiya istehsalçılarının tədris platformalarından faydalanacaqlar. AzTU-da AKTA ilə birgə müvafiq Data Mərkəzi resursları, kampus imkanları, zəruri proqram təminatı, tələbata uyğun akademik resurslar, kibertəhlükəsizlik stimulyatorlarından istifadə və istehsalat təcrübəsi qazanmaq imkanlarının təşkili istiqamətində işlər aparılır. Yeni tədris ilindən başlayaraq ilk dəfə tədrisin həftəlik proqramlarla, tətbiqi metodlarla təşkili və qiymətləndirilməsi nəzərdə tutulur. Layihəyə təhlükəsizlik istiqamətində 4 ixtisaslaşma üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan 500-ə yaxın tələbənin cəlb olunması nəzərdə tutulur. AKTA-nın dəstəyilə tələbələr geniş təcrübə mübadiləsi və karyera inkişafı imkanları qazanacaqlar.
AKTA iqtisadiyyatın müxtəlif sektorları, dövlət qurumları, özəl şirkətlər, tələbə və fiziki şəxslərlə əməkdaşlıq edir. Assosiasiya kibertəhlükəsizlik sahəsinin inkişafı və təkmilləşdirilməsi ilə bağlı qarşıya qoyduğu məqsəd və hədəflərin reallaşdırılması üçün müxtəlif istiqamətlər üzrə fəaliyyətlərin icrasını zəruri hesab edir. AKTA ölkədə kibertəhlükəsizliyin təmini ilə əlaqədar layihə və proqramların, tədbir və təkliflərin hazırlanması, müvafiq sahədə milli, elmi-texniki və kadr potensialının gücləndirilməsi, vorkşoplar, təlimlər, yay düşərgələrinin təşkili, ölkədaxili, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi və ümumilikdə informasiya cəmiyyətinin inkişafına dəstək verilməsi istiqamətində fəaliyyət göstərir. İxtisaslaşmış yerli və beynəlxalq kibertəhlükəsizlik təşkilatlarının əlaqələndirilməsi, habelə milli, elmi-texniki və kadr potensialının gücləndirilməsi, kibermühitdə ölkə reytinqinin möhkəmləndirilməsinə dəstək AKTA-nın fəaliyyət sahəsinə daxildir.
Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan AzTU iqtisadiyyatın baza sektorları olan nəqliyyat-logistika, metallurgiya-material texnologiyaları, maşınqayırma-robototexnika, energetika-avtomatika, telekommunikasiya, İKT, müdafiə sənayesi texnologiyaları sahələrində yüksəkixtisaslı kadrlar hazırlayır, sənaye əhəmiyyətli elm tutumlu innovativ nümunələr yaradır, model və üsullar işləyir, məsləhət və texniki xidmətlər göstərir. Bu mənada kibertəhlükəsizlik sahəsində AKTA və AzTU-nun əməkdaşlığı kibertəhlükəsizliyin və informasiya təhlükəsizliyinin sənaye tətbiqlərini genişləndirərək artıracaq, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 aprel tarixli Fərmanında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə böyük töhfə verəcək.

Tehsil-press.az


Oxşar xəbərlər