Təhsil və Energetika nazirlikləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Təhsil və Energetika nazirlikləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil naziri Emin Əmrullayev və energetika naziri Pərviz Şahbazov arasında görüş keçirilib.
Əvvəlcə mərkəzin müasir standartlara cavab verən emalatxanaları, maddi-texniki bazası və tədris prosesinin təşkili ilə tanışlıq olub. Məlumat verilib ki, beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabət qabiliyyətli kadrlar hazırlığını həyata keçirən mərkəzdə tələbələrə 9 istiqamət üzrə texniki peşə, 2 istiqamət üzrə isə yüksək-texniki peşə təhsili tədris olunur.
İkitərəfli əməkdaşlıq müzakirələri zamanı təhsilin müxtəlif pillələri üzrə energetika sahəsində mütəxəssislərin hazırlanması istiqamətində mövcud proqramların təkmilləşdirilməsinin vacibliyi vurğulanıb, habelə beynəlxalq tərəfdaşların və özəl sektorun iştirakı ilə yeni proqramların hazırlanması üçün əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində ölkəmizdə bərpa edilən enerji mənbələrinin, xüsusilə günəş enerjisinin istismarı sahəsində ehtiyac duyulan kadr potensialının hazırlanması prioritet istiqamət kimi qeyd olunub. Ölkə başçısının işğaldan azad edilmiş torpaqlarda “yaşıl enerji” zonasının yaradılması istiqamətində qarşıya qoyduğu tapşırıqların icrasını sürətləndirmək məqsədilə kadr ehtiyaclarının dəyərləndirilməsi və hazırlanması sahəsində birgə fəaliyyətin qurulması prioritet məsələlər siyahısına daxil edilib. Həmçinin Energetika Nazirliyinin tərkibində olan təlim mərkəzlərinin praktiki məşğələlər üçün istifadə olunması, yeni tikiləcək peşə məktəblərində bərpa olunan enerji ixtisaslarının tədrisində ehtiyac duyulan infrastrukturun qurulmasının vacibliyi vurğulanıb.

Tehsil-press.az


Oxşar xəbərlər