Azərbaycan Texniki Universiteti Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edəcək

Azərbaycan Texniki Universiteti Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edəcək Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (BDPTM) işgüzar görüş keçirib.
Görüşdə BDPTM-in direktoru Rəşad Xanlarov rəhbərlik etdiyi mərkəzin fəaliyyəti barədə məlumat verib.
O qeyd edib ki, burada 9 ixtisas üzrə tədris aparılır. BDPTM 30-dan çox yerli və xarici şirkətlə əməkdaşlıq edir. Cari ildən mərkəzdə nəqliyyat və informasiya sahələri üzrə üçillik kurslar açılıb. Bu kursları bitirən məzunlar subbakalavr dərəcəsi ilə AzTU-da və digər universitetlərdə təhsil almaq imkanı əldə edirlər.
Qonaqlar avtomobil təmiri servis mərkəzi, avtomatika, inşaat, informasiya texnologiyaları, mexanika, elektrotexnika və energetika sahələri üzrə tədris aparılan emalatxanalarla tanış olublar. Həmçinin mərkəzdə müəllim kimi çalışan AzTU məzunlarının fəaliyyəti barədə də ətraflı məlumat verilib.
Rektor Vilayət Vəliyev mərkəzdəki ixtisasların AzTU-nun maşınqayırma və robototexnika, informasiya və telekommunikasiya texnologiyaları, nəqliyyat və logistika, energetika, elektrotexnika və avtomatika fakültələrinin bəzi ixtisaslarına uyğun olduğunu vurğulayıb. Rektor məzunların işə qəbulu, təcrübə proqramlarında iştirakı, həmçinin BDPTM və AzTU-nun müəllimləri arasında əməkdaşlığın vacibliyindən danışıb.
Görüş zamanı müəssisələr arasında işçi qrupun yaradılması, birgə tədris proqramlarının hazırlanması, nəzəri və praktiki təlimlərin təşkili və əməkdaşlıq memorandumunun imzalanacağı da bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər