AzMİU-da birinci kurs tələbələri ilə görüş keçirilib

AzMİU-da birinci kurs tələbələri ilə görüş keçirilib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Mexanika və informasiya texnologiyaları fakültəsinin I kurs tələbələri ilə görüşüb.
Fakültənin dekanı Sabir Məmmədov birinci kurs tələbələri ilə keçirilən görüş üçün rektora tələbələr və professor-müəllim heyəti adından təşəkkürünü bildirib.
Çıxışına Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının, o cümlədən AzMİU-nun şəhid tələbə və məzunlarının xatirəsini anaraq başlayan rektor Gülçöhrə Məmmədova gəncləri hər şeydən öncə vətənpərvər olmağa, təhsildə daim nailiyyətlər əldə etməyə çağırıb. Rektor qeyd edib ki, tələbələrin başlıca vəzifəsi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbəni təhsildə davam etdirməkdir.
Universitetdə tədris olunan ixtisasların əhəmiyyətinə toxunan rektor tələbələrə yaradılan imkanlardan yararlanmağı tövsiyə edib. Tələbələr üçün hər cür şəraitin yaradıldığını deyən professor Gülçöhrə Məmmədova AzMİU-nun müasir maddi-texniki baza ilə təmin olunduğunu vurğulayıb və praktiki dərslərdə laboratoriyaların əhəmiyyətinə diqqət çəkib. Universitetin bilik qazandırmaq missiyası ilə yanaşı, şəxsiyyət, layiqli vətəndaş yetişdirmək vəzifəsinin də olduğunu qeyd edən rektor tələbələri ictimai həyatda, xüsusilə universitetin tələbə təşkilatlarında da aktiv iştiraka səsləyib.
Prorektorlar Akif Qasımov və Orxan Naqdiyev də çıxış edərək tələbələrə öz tövsiyələrini veriblər və onlara uğurlar arzulayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər