Daha bir uğur

Daha bir uğur Qazaxıstan Respublikasının paytaxtı Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevin bir sıra dövlət və hökumət başçıları ilə keçirdiyi ikitərəfli görüşlər və plenar iclasda vaxt baxımından qısa, lakin məzmunca geniş, mahiyyətcə dərin olan nitqi milli-dövlət maraqlarımızın məharətlə qorunması ilə xarici siyasət tariximizə keçdi. Bu, konkret olaraq özünü hansı məsələlərdə göstərdi?
Qazaxıstanda islahatların müdafiə edilməsi həm də türk dünyasının gücləndirilməsi hədəfini daşıyır
Bununla əlaqədar olaraq Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının həmin hadisənin hərbi-siyasi, tarixi və mənəvi-psixoloji əhəmiyyətindən bəhs edən “Daha bir uğur” adlı məqaləsini təqdim edir.
Prezident İlham Əliyevin nitqində Qazaxıstanda Prezident Tokayevin rəhbərliyi ilə aparılan siyasi və sosial-iqtisadi islahatları dəstəklədiyini bəyan etməsi təkcə ikitərəfli məna daşımır. Belə mövqe həm də türk dünyasının gücləndirilməsinə xidmət edir və qardaş ölkənin daxili işlərinə müdaxilə etmək istəyənlərə bir xəbərdarlıqdır.

Azərbaycanın şanlı Qələbəsinin parlaq təqdimatı
Dövlət başçısı nitqində İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsini, 30 il davam edən Qarabağ münaqişəsinə son qoymasını, ədaləti bərpa etməsini, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icrasını özünün təmin etməsini deməsi həm reallıqların Müşavirə iştirakçılarının və dünyanın diqqətinə çatdırılması, həm də bundan sonra regiona burnunu soxmaq istəyən dövlətlərin ağzına dəmir yumruğun açılan əlinin arxası ilə vurulan tərs şillədir.

Ermənistanın siyasətinin ifşa edilməsi
Ölkə rəhbəri nitqində Ermənistanın bütün siyasətinin iç üzünü açdı. Bildirdi ki, Ermənistan 30 ilə yaxın davam edən işğal zamanı Azərbaycan şəhər və kəndlərini, mədəni və dini abidələri, məscidləri məqsədli şəkildə dağıdıb, təhqir və talan edib, hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə edib. Bu fikirlərin səsləndirilməsi iştirakçıların çoxunun müsəlman olduğu Müşavirəyə xəbərdarlıq və reallığı dərk etmələri üçün əhəmiyyətlidir. 30 il ərzində erməni cəmiyyətinin bu cür vandalizmə qarşı heç bir etirazı bildirməməsinin, dağıntıların, erməni vandallarının və hərbi cinayətkarlarının təqdir edilməsinin və qəhrəmanlaşdırılmasının, Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı Ermənistanın sistemli şəkildə müharibə cinayətləri törətməsinin, Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşının itkin düşməsinin, onların əksəriyyətinin işgəncələrə məruz qalmasının, öldürülməsinin və kütləvi məzarlıqlarda basdırılmasının, iki kütləvi məzarlığın aşkar edilməsinin söylənilməsi Ermənistanın dövlət siyasətinin mahiyyətinin bütün çılpaqlığı ilə açılması və ifşa edilməsidir. Ermənistandan Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat verməsini tələb etməklə Prezident yüksək kürsüdən indiki Ermənistan hakimiyyətini əvvəlki rejimlərin cinayətkar liderləri ilə tən gələn eyni tərəzidə təqdim etdi. Bu, rəsmi İrəvanın üzünün qaranlıq divara dirənməsidir.
Dövlət başçımızın Azərbaycanın dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasında olduğunu, ilkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırmasını və İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olmasını və ya ağır yaralanmasını deməsi rəsmi İrəvanın beynəlxalq konvensiyaları kobud şəkildə pozduğunun bütün dünyaya bir daha bəyan edilməsidir.

Azərbaycanın gücünün və niyyətinin bəyan edilməsi
Nitqdə Azərbaycan dövlətinin gücü toplantı iştirakçılarının diqqətinə çatdırıldı. Prezident bildirdi ki, minalardan təmizlənmə ilə paralel olaraq Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə xarici yardımlar olmadan, öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlayıb.
Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistanın sərhəddə təxribatlar törətməkdə davam etməsinin, bunlardan sonuncusunun bu ilin sentyabr ayında törədilməsinin, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur olmasının, bu təxribatlara görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsinin bəyan edilməsi həm Ermənistana vurulan növbəti siyasi-diplomatik zərbədir, həm Azərbaycan dövlətinin gələcəkdə törədilə biləcək belə təxribatların qarşısını almaqda qətiyyətini göstərir həm də rəsmi İrəvanın havadarlarına xəbərdarlıqdır.
Dövlət başçısı Azərbaycan dövlətinin sülh niyyəti bəyan edildi. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndin dağıdılmasına baxmayaraq, Azərbaycanın Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif etməsi Azərbaycan millətinin və dövlətinin aliliyini göstərir.

Ölkəmizin imkanları və ya Zəngəzur dəhlizi məsələsi gündəmdədir
Bir sıra ölkələrdən ərazicə kiçik, əhalisinin sayına görə az olmasına baxmayaraq, Azərbaycanın imkanları Prezidentin nitqində dünyaya yenidən təqdim edildi. Həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələrinin Azərbaycanı ən vacib beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirməsinin, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verdiyinin, Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq etdiyinin deyilməsi həm imkanların təqdimatı, həm də Zəngəzur dəhlizi məsələsinin dünyanın böyük ölkələrinin gündəliyinə gətirilməsidir. Bu, müşavirənin üzvü olan dövlətləri təkcə Azərbaycanla əməkdaşlığa dəvət etmək deyil, həmçinin ölkəmizin birləşdirici güc dövləti olmasının yenidən təqdim edilməsi deməkdir.
Bir sözlə, Prezident İlham Əliyevin milli-dövlət maraqlarımızın ən üstün səviyyədə təqdimatı, qorunması və yeni dostlar qazandırmaqla yadda qalan səfəri zamanı keçirdiyi görüşlər və toplantıdakı nitqi əməkdaşlıqda yeni imkanlar açır.

Tehsil-press.az


Oxşar xəbərlər